CHP-nin keçən il təxirə salınan qurultayı mayın 28-də Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turundan sonra baş tuta bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.
CHP liderliyinə iddialı olan İstanbul böyükşəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun artıq hərəkətə keçdiyi, marafonda əsas rəqibinin isə partiya sədirinin müavini Oğuz Kaan Salıcı olduğu bildirilir.
Artıq partiyadaxili mübarizə qızışarkən, qurultayda sürpriz namizəd kimi keçmiş CHP-çi Mustafa Sarıgül göstərilir.
Qurultayın seçkidən sonra 45 gün ərzində keçirilməsi gözlənilərkən, Kamal Kılıçdaroğlunun seçkidə uduzacağı təqdirdə istefaya çağırışlar artacaq. Partiyaya yaxın mənbələr bu durumda sərt tənqidlərə məruz qalacaq Kılıçdaroğlunun müqavimət göstərə bilməyəcəyini və postundan gedəcəyini deyirlər.
Qurultayda ən azı 5-6 namizədin meydana çıxacağı ehtimal olunur. Kulisdə favorit kimi göstərilən İmamoğlunun seçki mitinqlərindən istifadə edərək bunun üçün zəmin hazırlamaq məqsədilə çox çalışdığı bildirilir. Oğuz Kaan Salıcının da namizədlik şansı yüksəkdir. İddialar arasında Gürsəl Təkinin də adı tez-tez hallanır.