“Ukrayna ordusunun gözlənilən əks-hücumu Rusiya ərazisindən başlayıb”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Rusiya ərazilərinə müdaxilə edən Ukrayna bir neçə hədəfinə çatmaq istəyir:
“Birincisi, Ukrayna bununla Rusiyanı məcbur etməyə çalışır ki, elit qüvvələrini arxa cəbhyə çəksin. Bu halda Ukrayna qoşunlarının əks-hücum əməliyyatları zamanı Rusiyanın müqaviməti zəifləyəcək. Rusiyanın Ukrayna paytaxtını kütləvi raket atəşinə tutması Ukraynanın öz ərazisinə müdaxiləsinə təpkidir. Bu planın NATO hərbçiləri tərəfindən hazırlandığı istisna deyil.
Ukrayna ordusu döyüşlərin istiqamətini dəyişməyə müvəffəq olsa, Rusiya qüvvələri avqusta qədər Baxmut və ətraf ərazilərdən geri çəkilə bilər. Artıq daxildə də müqavimətlə üzləşən Rusiya Luqansk və Donetskdəki bəzi mövqelərdən silahlı qüvvələrini çıxarıb döyüşlərin qısa fasilələrlə getdiyi Belqorod və Bryansk vilayətlərinə göndərir. Hesab etmək olar ki, artıq Kiyevin planı ilk müsbət nəticələrinə göstərməyə başlayır”.
Məhəmməd Əsədullazadənin fikrincə, Rusiya cəbhənin öz ərazilərinə qədər uzanacağını gözləmirdi:
“Artıq Rusiyanın qərb bölgələri Ukraynanın legitim hədəfinə çevrilib. Hərbi əməliyyatları nəticələrə hesablanmış formada aparmaq üçün Qərbdən kifayət qədər silah-sursat və sistemlər alınıb. F-16-lar da təhvil verilsə, rus ordusunun manevr imkanları daha da kiçiləcək. Qənaətimə görə, Ukrayna rusların Belqorod, Bryansk və Kurska çəkilməsinə nail olsa, Krıma gedən yoldakı əngəllər də bir-bir aradan qalxmağa başlayacaq.
Hazırda “Rusiya Könüllüləri” Korpusu və “Azad Rusiya” Legionu fəal şəkildə Rusiya ərazilərinə müdaxilə edirlər, onların döyüş bölmələri artıq Belqoroddadır. Son gəlişmələrin işığında “Krımın Azadlığı” Ordusu qurulması da diqqət çəkir”.