Taliban qüvvələri Əfqanıstanın İranla sərhədindəki Nimruz vilayətində ağır silahlarla hərbi təlimlərə başlayıb.
Teleqraf.com xəbər verir ki, təlimlərə qatılan 3-cü Batalyon komandiri Məhəmməd Nəbi Molla Vurur Zəranc şəhərində keçirilən hərbi təlimlə bağlı açıqlama verib.
Nəbi Talibana yeni təcrübələr qazandırmaq üçün müxtəlif ağır silahlardan istifadə edərək peşəkar təlimçilərin köməyi ilə hərbi təlimlər keçirdiklərini deyib.
Taliban 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyətə gəldikdən sonra sərhəddə İran qüvvələri ilə vaxtaşırı silahlı qarşıdurmalar baş verir. Axırıncı dəfə mayın 27-də Nimruzda Taliban və İran sərhəd qüvvələri arasında silahlı qarşıdurma yaşanmış, 2 iranlı, 1 əfqan hərbçisi həyatını itirmişdi. Qarşıdurma vaxtı Taliban qüvvələrinin İran ərazisinə girməsi barədə məlumat yayılmışdı.
Tərəflər bir-birini münaqişənin başlamasında ittiham etsə də, danışıqlar nəticəsində gərginliyə son qoyulmuşdu.
Taliban və İran arasında vaxtaşırı sərhəd münaqişəsindən başqa, hər iki tərəf Hilmənd çayında suyun bölüşdürülməsi ilə bağlı da gərginlik yaşayır.
Taliban rəhbərliyi bölgədəki quraqlıq səbəbindən Hilmənd çayı üzərindəki bəndlərdə suyun həcminin azaldığını və bu səbəbdən suyun İrana çatmadığını iddia edərkən, İran texniki heyətin bəndlərə baş çəkməsi və bunun təsdiqlənməsinin lazım olduğunu bildirir. Amma Taliban buna qarşıdır.