2020-ci ildə kütləvi etirazlarından sonra ölkəni tərk edən yüzlərlə Belarus vətəndaşının Prezident Aleksandr Lukaşenkonu devirmək üçün Polşada hərbi təlim keçdiyi iddia edilir.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Times” yazır.
Məlumata görə, təlim ölkələrini tərk etmək məcburiyyətində qalan Belarus hüquq-mühafizə orqanlarının (BYPOL) keçmiş zabitləri tərəfindən keçirilir.
Bundan əvvəl BYPOL ilə əlaqəli partizanlar artıq Belarus ərazisində bir neçə əməliyyat keçiriblər. Bu ilin fevralında təşkilat paytaxt Minsk yaxınlığındakı hava limanında Rusiyanın A-50 kəşfiyyat təyyarəsinin partladılmasına görə məsuliyyəti öz üzərinə götürüb.
BYPOL Belarusda ekstremist təşkilat kimi tanınır.
Partizanlar rejimlə mübarizə aparmaq üçün Belarusa qayıdacaqları “X günü”nə hazırlaşırlar.
Aleksandr Lukaşenko bir neçə gün əvvəl demişdi ki, Qərb ölkələri Polşa, Litva və Ukraynada onu devirmək üçün silahlı birləşmələr hazırlayır. O, həmçinin qeyd etmişdi ki, Belarusun özündə yatmış ekstremist hücrələr yaratmaq cəhdləri var.