Səkkiz Respublikaçı senatorun ABŞ Dövlət Departamenti və Xəzinə Nazirliyinə ünvanladığı məktubda İranın neft gəlirlərinin artmasından narahatlıq ifadə olunub.
Teleqraf.com xəbər verir ki, senatorlar Bayden hökumətindən İran neftinə qarşı sanksiyaları tam şəkildə tətbiq etməyi və bunun əhatə dairəsini genişləndirməyi tələb ediblər.
Məktubda sanksiyaların bu sahədə İranla əməkdaşlıq edən Çin vətəndaşları və qurumlarının da hədəfə alınmalı olduğu bildirilib.
Senatorlar Co Bayden hakimiyyətə gələndən bəri Çinin İrandan 47 milyard dollar neft aldığına diqqət çəkərək, “qara qızıl” qaçaqmalçılığı üçün Tehranın əsas alətinə çevrilmiş gəmilərinin – “gizli donanma”sının bu ildən artılacağını deyiblər. “Gizli donanma”nın 60 gəmi artırılaraq 338-ə çatdırılması planlaşdırıldığı qeyd olunub.
Məktubda ABŞ hökumətinin maksimum təzyiqinin davam etməməsi səbəbindən İranın neft gəlirlərinin 2018-ci ildən bəri ən yüksək həddə çatdığına diqqət çəkilib. Senatorlar xəbərdarlıq ediblər ki, tam neft sanksiyaları tətbiq olunmaması səbəbindən İran bndan əldə olunan pulları xalqın etirazlarını yatırmaq, terror qruplaşmalarını dəstəkləmək, ABŞ hərbçiləri və diplomatlarına hücum etmək və Ukrayna müharibəsində Rusiyanı dəstəkləmək üçün xərcləyir.
Senatorlar Bayden hökumətindən İranın dağıdıcı fəaliyyətinin qarşısını almasını istəyirlər.
Keçmiş Donald Tramp administrasiyasının maksimum təzyiq siyasətini uğurlu adlandıran senatorlar qeyd ediblər ki, Bayden hökumətinin bu siyasətin davam etdirməməsi İrana misli görünməmiş repressiya və dağıdıcı fəaliyyətlərə əl atmağa imkan verib.
Məktubda Bayden hökumətindən İranın neft və neft-kimya sektoruna qarşı sanksiyaları tam şəkildə tətbiq və bu sanksiyaların əhatə dairəsini İran neftini saxlayan və gəmidən gəmiyə daşıyan şəxslərə və qurumlara, limanlara və emal zavodlarına şamil etməyi tələb ediblər. Xüsusən də bu sahədə aktivlik göstərən Çinə.
Məktubu Marko Rubio, Cim Riş, Lindsi Qraham, Con Barrasso, Rik Skott, Cerri Moran, Ceyms Lankford və Bill Haqerti imzalayıb.