Fransa Üzgüçülük Federasiyası (FFN) Sena çayında suyun çox çirkli olması ilə əlaqədar Parisdə açıq suda üzgüçülük üzrə dünya çempionatının üzmə yarışlarını təxirə salıb.
Teleqraf.com xəbər verir ki, Federasiya məşqləri də ləğv etməyə məcbur olub.
Şənbə və bazar günləri yarışların keçirilməsi üçün təhlükənin olması barədə xəbərdarlıq edib.
Məlumata əsasən, qadınlar arasında şənbə günü keçirilən yarışlar ləğv olunub. Sudan götürülən yeni nümunələr analiz edildikdən sonra yarışlarla bağlı qərar veriləcək.
Məşqlərin ləğv edilməsinə və yarışların təxirə salınmasına səbəb kimi paytaxt regionunda artıq bir neçə gündür davam edən güclü yağışlar göstərilir. Hakimiyyət orqanları “suyun keyfiyyətinin pisləşməsinin müvəqqəti” olduğunu bəyan edirlər, bu da suda bağırsaq çöplərinin (Escherichia coli) yüksək səviyyədə olması ilə əlaqədardır. Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA) standartlarına əsasən, suda bu bakteriyanın maksimal səviyyəsi 1 ml suda 100 min KYV (koloniya yaradan vahidlər) təşkil edir.
Bu yarışlar 2024-cü il Olimpiya Oyunları çərçivəsində analoji yarışlardan öncə faktiki olaraq məşq adlandırılırdı. Ötən həftə Paris meriyası bildirib ki, Sena çayında suyun təmizlənməsi üzrə gücləndirilmiş tədbirlər görülür. Meriya 2025-ci ilədək Sena çayını kütləvi çimərlik üçün yenidən yararlı vəziyyətə gətiriləcəyini vəd edib.