“Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşüb-görüşməyəcəyinə şəxsən qərar verəcək. Amma Kremlin imperiya ambisiyaları buna əngəl olaraq qalır”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
“Prezident Zelenski və Prezident Putin arasında görüşü gəlincə, qərarı Prezident Zelenski özü verməlidir. Biz açıq şəkildə bildirmişik ki, prosesi idarə edən Ukraynadır və bu, istənilən potensial danışıqlara aiddir”, - ABŞ rəsmisi vurğulayıb.
Miller xatırladıb ki, Kiyev hələ müharibədən əvvəl də Moskva ilə real danışıqlara hazır olduğunu dəfələrlə nümayiş etdirib:
“Maneə həmişə Vladimir Putinin imperialist məqsədlərindən, onun fikrincə, Ukraynanın real dövlət olmadığına inamından əl çəkməməsi olub və belə də qalır. Qoşunlarını Ukrayna ərazisindən çıxarmaq fikri yoxdur”.