“Ukraynanın hücum əməliyyatları bu il bitməyə, gələn ilin yazına qədər uzana bilər”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Musiyenko deyib.
Onun sözlərinə görə, cəmiyyətin Ukrayna ordusunun əks-hücumlarından çox böyük gözləntiləri var, amma reallıq bir qədər fərqlidir:
“Real vəziyyət elədir ki, bu gün biz demək və anlamaq məcburiyyətindəyik ki, hücum əməliyyatı gələn ilə qədər davam edə bilər. İndi sürətli və çox ciddi sıçrayışdan danışmaq mümkün deyil. Bizə daha çox silah, qüvvə və resurs lazımdır”.
Musiyenko qeyd edib ki, Ukrayna qüvvələri irimiqyaslı zərbələr endirsə də, Rusiya bölmələri hələ də müəyyən istiqamətlərdə döyüş qabiliyyətini qoruyub saxlayır. Ekspert əlavə edib ki, rusların minaladıqları müdafiə xətləri onlara zaman qazandırır, Ukrayna isə taktikasını dəyişməlidir.
Kupyan istiqamətindəki durumu şərh edən Musiyenko bildirib ki, hazırda ruslar ora Rusiyadan bölmələr daşıyır. Bundan başqa, o, Rusiyanın iyun-iyul aylarında səfərbərlik keçirməsinə diqqət çəkib. Onun fikrincə, Rusiyanın əsas məqsədi Ukrayna qüvvələrini ərazilərdən çıxarmaq və onların cənubda irəliləməsinin qarşısını almaqdır.
“Onların təşəbbüsü ələ keçirmək istəmələrinin əsas motivi də budur. Onların nöqteyi-nəzərindən şərqdə hərbi əməliyyatlar daha uzun zaman davam edə bilər, çünki orada müvafiq coğrafi mövqe, maddi-texniki təchizat, ərazilər işğal edilib. Açığı, oradan hücuma keçmək onlara daha asandır”, - Musiyenko deyib.
Eyni zamanda, o vurğulayıb ki, cənubda vəziyyət fərqlidir, ruslar müdafiə üçün çox səy göstərirlər:
“Ruslar anlayırlar ki, qüvvələrimiz onları geri çəkilməyə məcbur etsələr, irəliləmək mümkün olmayacaq. Bundan əlavə, düşmən Liman və Biloqorivkadan bizə döyüş əməliyyatları keçirməyimizə mane olmaq istəyir”.