Yunanıstanın gündəmində Türkiyə ilə bağlı üç mühüm mövzu var: Mavi Vətən, 12 mil iddiası və Kipr problemi. Türkiyənin bu mövzularda qəti mövqeyini qoruduğunu bildirən yunan siyasi ekspert Yannos Çaralambidis Baş nazir Kiryakos Mitsotakisə sərt reaksiya verib.
Teleqraf.com xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanla Mitsotakis arasında NATO sammiti çərçivəsində keçirilən son görüşün dönüş nöqtəsi olduğunu bildirən ekspert qalib tərəfin Türkiyə olduğunu söyləyib.
Mütəxəssis Mitsotakisin Türkiyə ilə Yunanıstan arasında dialoqun rəvan davam etməsi üçün F-16 probleminin kilidini açdığını deyib. O, Mitsotakisin Ərdoğanla görüşmək üçün onun istədiyi hər şeyi verdiyini iddia edib.
Çaralambidis Türkiyənin Mavi Vətənlə bağlı mövqeyinin bəlli olduğu və barışıq üçün Yunanıstana heç nə vəd etmədiyi, sadəcə qarşı tərəfdən aldığını vurğulayıb.
Mitsotakisin Türkiyəyə çoxsaylı güzəştlər etdiyini deyən ekspert Yunanıstanın Egey adalarında 12 mil iddiasının xəyal olduğunu bildirib.
Açıqlamada Yunanıstanın qitə şelfi və Azad İqtisadi Zona (AİZ) ilə bağlı Ankaradan heç nə tələb etmədiyi qeyd olunub. Bunun iki məna ifadə etdiyinə diqqət çəkilib: Yunanıstan 12 mil və Egeydəki adaları ilə bağlı AİZ iddialarından imtina edir.
Çaralambidis Yunanıstanın Türkiyə ilə dialoqa girmək üçün bir çox güzəştlərə getməsinə baxmayaraq, Türkiyənin siyasətində heç bir dəyişiklik olmadığını vurğulayıb.
Türkiyənin 12 mil məsələsini müharibə səbəbi kimi göstərdiyi xatırladılan açıqlamada Ankaranın Yunanıstanı müharibəyə getmədən bu mövzuda razı salmağa çalışdığı bildirilib. Yunan ekspert Türkiyənin bunu öz qüdrətinin kölgəsindən qazanc əldə etmək kimi qiymətləndirib. O, Türkiyənin Kipr məsələsində Mavi Vətən kimi heç bir güzəştə getməyəcəyini iddia edib.
Beynəlxalq müqavilələrə görə, qeyri-hərbi statusda olan Egeydəki adaların tam silahsızlaşdırılmasını təmin etmək də Ankaranın əsas məqsədləri arasındadır.