Mali və Burkina Faso Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) mümkün hərbi müdaxiləsinə qarşı Nigerə döyüş təyyarələri göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə Niger dövlət televiziyası RTN məlumat yayıb.
Kanal Mali və Burkina Fasonun Nigerlə həmrəy olduğunu bildirib:
“Mali və Burkina Faso, Nigerə qarşı istənilən hücuma cavab vermək üçün döyüş təyyarələrini yerləşdirərək, öz öhdəliklərini konkret fəaliyyətə çeviriblər”.
Məlumatda sözügedən təyyarələrin “Super Tukano” tipli döyüş qırıcıları olduğu qeyd edilib.
ECOWAS ölkələrinin baş qərargah rəislərinin Qananın paytaxtı Akkrada keçirilən son toplantısında Nigerə hərbi müdaxilənin tarixinin dəqiqləşdirildiyi açıqlanıb.
İyulun 26-da hərbçilər Nigerdə hakimiyyəti ələ keçiriblər. Prezident Məhəmməd Bazumu devirdiyini açıqlayan Prezident Mühafizə Alayanın komandiri, general Əbdürrəhman Çiyani özünü yeni dövlət başçısı elan edib. Baş verənlər bölgə ölkələrinin etirazı ilə qarşılanıb.