1 Sentyabr 2023 12:17
1 484
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-la Çin arasında münasibətlər gərgin olsa da, Vaşinqton Pekinlə münasibətlərdə “xalq diplomatiyası”nın imkanlarından istifadə etməyə çalışır. ABŞ-ın keçmiş dövlət katibi, yaşı 100-ü haqlayan Henri Kissincerin iyulda Çinə növbəti səfəri bunun sübutudur. Çin lideri Si Cinpin Kissinceri Pekində şəxsən qəbul edib, qocaman amerikalı diplomatı “Çinin köhnə dostu” adlandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzi bildirib.

Təhlildə qeyd olunur ki, Cinpin görüşdə Kissinceri xeyli tərifləyib:

“Çin lideri Kissinceri Pekin və Vaşinqton arasında münasibətlərin normallaşmasına töhfə verdiyini bildirib. Onun sözlərinə görə, sabiq dövlət katibi öz fəaliyyətilə iki dövlət arasında münasibətləri normallaşdırmaqla yanaşı, dünyanı da dəyişib.

Buna baxmayaraq, Cinpin görüşdə Amerikadan şikayətini Kissincerin diqqətinə çatdırıb. Çinlə ABŞ-ın yol ayırıcında olduğunu söyləyən Cinpin Vaşinqtonun seçim etməli olduğunu söyləyib. Eyni zamanda, qeyd edib ki, ABŞ Çinin maraqlarına hörmətlə yanaşmalıdır.

Kissincer 1970-ci illərdə ABŞ-Çin münasibətlərinin normallaşması və yaxınlaşmasının memarı sayılsa da, indiki durumu dəyişmək gücündə deyil. Çinlə ABŞ arasında fikir ayrılıqları prinspial önəm kəsb edir. Kissincerin ABŞ-da vəzifədə olduğu dövrdə Çin indiki qədər güclü deyildi, öz problemləri ilə məşğul idi. Bundan başqa o illərdə Kissincer Çinlə keçmiş SSRİ arasında gərgin münasibətlərdən istifadə edərək, Vaşinqton-Pekin yaxınlaşmasına nail olmuşdu. Hazırda isə Pekin Kremlin strateji tərəfdaşıdır”.

Təhlildə o da vurğulanır ki, son illərdə Çinlə Rusiya ABŞ və müttəfiqlərinə qarşı, Qərb və müttəfiqləri isə Çin və Rusiyaya qarşı müxtəlif birliklər yaradıblar:

“ABŞ-ın bölgədə Çinin rəqibləri ilə strateji tərəfdaşlıq qurması da Pekinlə Vaşinqton arasında münasibətlərin normallaşmasına əngəldir.

Bu arada, ABŞ və Hindistan sentyabr-oktyabr aylarında Alyaskada “Yudh Abhyas” adlı birgə hərbi təlimlərə hazırlaşır. Ötən il iki ölkə arasında birgə hərbi təlimlər Çinlə sərhədə yaxın ərazidə keçirilmişdi. Hərbi təlimlərə helikopterlərlə yanaşı, PUA-lar da cəlb edilmişdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər