5 Sentyabr 2023 16:12
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaqner” lideri Yevgeni Priqojinin iyun qiyamından sonra saxlanılan Rusiya ordusunun generalı Sergey Surovikin həbsdən azad edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti Rusiya Müdafiə Nazirliyinə yaxın mənbəyə istinadla məlumat yayıb.

Mənbəyə görə, general Surovikinin həbsdən rəsmən azad ediləcəyi ehtimalı olsa da, ona qarşı hər hansı, o cümlədən hərəkət məhdudiyyətinin qoyulub-qoyulmadığı hələ məlum deyil. Qeyd olunur ki, Surovikin Priqojin keçən ayın sonlarında təyyarə qəzasında öləndən bir neçə gün sonra sərbəst buraxılıb.

“General hazırda rütbəsini qoruyub saxlayır, amma onun artıq karyera perspektivi yoxdur”, - mənbə deyib.

Surovikin “vaqnerçilər”in qiyamından sonra ilk dəfə rusiyalı jurnalist Kseniya Sobçakın sosial şəbəkədə dərc etdiyi fotoda peyda olub.

“General Sergey Surovikin azadlıqdadır, sağ-salamatdır, evdə - Moskvada ailəsi ilə birlikdədir”, - Sobçak yazıb.

“Exo Moskvı” radiosunun rəhbəri Aleksey Venediktov də general Surovikin evə buraxıldığını, məzuniyyətdə və Rusiya Müdafiə Nazirliyinin sərəncamında olduğunu söyləyib.

General yanvara qədər Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına cavabdeh olub. O, rus qoşunlarının Xersondan çıxarılmasına və müdafiə strategiyasına keçidə, o cümlədən “Surovikin xətti” kimi tanınan böyük müdafiə xəttinin inşasına nəzarət edib.

Surovikin avqusta qədər Rusiya Hava-Kosmik Qüvvələrinin baş komandanı vəzifəsini tutub. Qeyri-rəsmi mənbələr onun Priqojinin qiyamına dəstək verdiyini iddia edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər