ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Türkiyə şirkətlərinə sanksiyaların tətbiq edilməsi barədə danışıb.
Teleqraf.com xəbər verir ki, Amerika rəsmisi türk şirkətlərinə qarşı sanksiyaların İsveçin NATO-ya üzvlük prosesinə təsir etməyəcəyini deyib.
Miller müvafiq suala belə cavab verib: “Xeyr, bunun heç bir təsirinin olacağını düşünmürük”.
ABŞ rəsmisi Türkiyənin onlar üçün dəyərli müttəfiq olduğunu bildirib:
“Türkiyə hökuməti ilə konstruktiv və sıx əlaqələrimiz var. Türkiyə bizim üçün dəyərli müttəfiqdir”.
Miller xatırladıb ki, ABŞ Prezidenti Co Bayden bu yaxınlarda türk həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb. O, türk şirkətlərinə qarşı sanksiyaların İsveçin NATO-ya üzvlüyü ilə bağlı olmadığını və ABŞ-ın bu məsələyə verdiyi önəmi Türkiyəyə çatdırdığını deyib.
ABŞ Maliyyə Nazirliyi bundan əvvəl Rusiya şirkətləri ilə əməkdaşlıq edən 3 Türkiyə şirkətinə sanksiya tətbiq etmişdi.