Lideri Yevgeni Priqojinin ölümündən sonra gücünü və təsirini itirən “Vaqner” qrupunun çoxlu sayda keçmiş döyüşçüsü Rusiya Qvardiyasının ("Rosqvardiya") çeçenlərdən ibarət “Axmat” xüsusi təyinatlılarının sıralarına qoşulub.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
İddiaya görə, keçmiş “vaqnerçilər” müxtəlif birləşmələrə qoşularaq Ukraynada cəbhənin bir neçə dəqiqləşdirilməmiş bölgələrində fəaliyyət göstərirlər.
Müvafiq məlumatı “Axmat”ın komandiri Apti Alaudinov da təsdiqləyib. Onun sözlərinə görə, keçmiş “vaqnerçilər” həmişə “Axmat” haqda yüksək fikirdə olublar. O, bu yolla yəqin ki, vaxtilə Priqojinlə Çeçenistan rəhbəri Ramzan Kadırov arasındakı mübahisənin yenidən gərginlik yarada biləcəyi ehtimalına qarşı mümkün müzakirələri susdurmağa çalışıb.
ISW-nin məlumatına görə, “Vaqner” qüvvələri Rusiya Müdafiə Nazirliyi (rəhbəri Sergey Şoyqu) və “Rosqvardiya”nın çeçen bölmələri arasında bölünüb. “Vaqnerçilər”in effektli hərbi birlik kimi bərpa olunma ehtimalı azdır. Bununla belə, istisna edilmir ki, bəzi hallarda muzdlular tərkibində olduqları bölmələrin taktiki qabiliyyətlərini müəyyən qədər gücləndirə bilərlər.