Vaşinqton Pekinlə mübarizədə bütün üsullardan istifadə etməyə çalışır. Halbuki iki ölkənin lideri dialoq üçün imkan da axtarır. Buna baxmayaraq, ABŞ Prezidenti Co Bayden Çin hakimiyyətinin ilin sonuna qədər nəsli kəsilməkdə olan panqolinləri qorumaq üçün “önəmli öhdəliklər” götürməyəcəyi təqdirdə Çinə ticarət məhdudiyyətləri tətbiq edə biləcəyini söyləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə vurğulanır ki, panqolinlər dünyanın yeganə pullu məməliləridir, bu heyvan növü tez-tez ovlanır, qaçaqmalçılığa məruz qalır:
“Panqolinlərin nəsli kəsilmək üzrədir. Nəsli kəsilməkdə olan vəhşi fauna və flora növlərinin ticarəti müvafiq beynəlxalq konvensiya ilə qadağandır. ABŞ prezidenti hesab edir ki, qadağaya baxmayaraq, Çin panqolinlərin dünyada ən böyük idxalçısıdır. Panqolinlərin Çin bazarında satışına şərait yaradılıb. Pekin Baydenin ittihamlarını qəbul eməyib. Pekində hesab edirlər ki, Vaşinqton Çinin imicinə zərbə vurmağa çalışır. Beləliklə, panqolinlər mövzusu Vaşinqtonla Pekin arasında yeni gərginlik mövzusuna çevrilib.
Baydenin Pekinlə mübahisəsi keçmiş prezident Donald Trampın diqqət mərkəzindədir. Tramp Baydeni aşağılamaqda davam edir. Tramp Baydenin düşüncə tərzini altı yaşlı uşağın düşüncə tərzindən geri qaldığını iddia edir. Sabiq prezidentə görə, bu səbəbdən Moskva və Pekin Baydenə hörmət etmirlər”.
Mərkəzin ekspertləri bildirirlər ki, Tramp Baydenin Rusiya və Çin siyasətini illərdir tənqid edir:
“Trampın prezident olduğu illərdə də, Vaşinqtonun Moskva və Pekinlə münasibətləri indikindən çox da yaxşı deyildi. Çinə qarşı ticarət sanksiyaları məhz Trampın prezidentliyi dövründə tətbiq olunub. Ancaq bu, ABŞ-da keçirilən rəy sorğularında Trampın reytinqinin Baydeni sürətlə üstələməsinə mane olmur”.