Ukrayna ilə dialoq siqnallarına baxmayaraq, Rusiya Prezidenti Vladimir Putinin “xüsusi hərbi əməliyyat”la bağlı məqsədləri dəyişməz olaraq qalır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib.
“Putinin atəşkəs danışıqlarına maraq göstərdiyinə dair üstüörtülü siqnallarına baxmayaraq, Rusiyanın Ukraynada Kiyev və Qərbin tam təslim olmasına bərabər sayılan və Kremlin ictimai ritorikasında açıq şəkildə ifadə edilən məqsədləri dəyişməz qalır”, - institutun təhlilində deyilir.
Amerikalı analitiklərin fikrincə, Qərbin aparıcı siyasətçiləri bu qənaətlə razılaşırlar.
ISW ABŞ Prezidenti Co Baydenin açıqlamasına da diqqət çəkib. Sonuncu bəyan edib ki, Putin Ukraynanı məhv etmək və onun xalqını özünə tabe etmək istəyir.
Müvafiq rəy Böyük Britaniya və digər Avropa dövlətləri tərəfindən də dəstəklənir. Britaniya Baş naziri Rişi Sunak Rusiyanın hücumları azadlığı, demokratiyanı və Ukraynanın özünü məhv etmək istəyinin təzahürü olduğunu bildirib.