ABŞ-nin Suriyanın Deyr əz-Zor vilayətinin şimalında Ömər neft yatağındakı hərbi bazasına 10 hava zərbəsi endirilib.
Teleqraf.com xəbər verir ki, atılan raketlərin baza və ətrafına düşdüyü bildirilərkən, ABŞ-nin müdafiə sistemləri hücuma cavab verib.
Hücumda itkinin olub-olmadığı hələlik məlum deyil. ABŞ olayla əlaqədar açıqlama verməyib.
Bundan əvvəl Əbu-Kamalda naməlum döyüş təyyarəsi İranın dəstəklədiyi terrorçu qruplaşmaya aid hərbi konvoyu vurub.
Suriyada son günlər ABŞ ordusunun Tənəf, Malikiyyə, Hasəkə və Deyr əz-Zor vilayətlərindəki bazaları tez-tez PUA-larla hədəfə alınır.
İranın dəstəklədiyi qruplaşmalar vaxtaşırı Amerikanın Fərat çayının şərq sahilindəki bazalarına da PUA-larla hücum edirlər.
İran dövlət televiziyası İsrailin Qəzzaya hücumları dayandırılmayacağı halda onun və müttəfiqlərinin bölgədəki “müqavimət qüvvələri”nin hücumuna necə məruz qala biləcəyini göstərən material yayımlayıb. Materialda İsrailin şimaldan “Hizbullah”, şərqdən İraq və Suriyadakı qruplaşmalar, cənubdan isə Yəməndəki “Ənsarallah” tərəfindən raketlər və PUA-larla eyni vaxtda hədəfə alınacağı göstərilib.
İran lideri Əli Xameneyi də oktyabrın 17-də İsrailin davam edəcəyi təqdirdə “müqavimət qüvvələri”nin hərəkətə keçəcəyini bildirmişdi. Xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan da münaqişənin bölgəyə sıçrama ehtimalını dilə gətirmişdi.
Molla rejimi “Hizbullah”, “Ənsarallah”, “Kətaib Hizbullah”, “İraq Müqavimət Hərəkatı”, “Fatimiyyun”, “Həşd əş-Şabi” və sair kimi terrorçu qruplaşmaları “müqavimət qüvvələri” adlandırır.