ABŞ ordusu PKK/YPG terror təşkilatının nəzarətində olan Suriyanın Hasəkə və Deyr əz-Zor vilayətlərindəki hərbi bazalarına əlavə qüvvə göndərib.
Teleqraf.com xəbər verir ki, ABŞ-nin hərbi konvoyunun İraqdan Suriya ərazisinə daxil olduqları bildirilir.
Təxminən 15 maşından ibarət konvoy Deyr əz-Zorda yerləşən Ömər neft yataqlarındakı ABŞ qüvvələrinin bazasına çatıb.
Digər tərəfdən, dünən ABŞ-yə məxsus 2 yük təyyarəsi Hasəkədəki Harab Cir bazasına eniş edib.
ABŞ ordusu bununla yeni ildə Suriyadakı hərbi bazalarında ilk möhkəmləndirmə işini aparıb.
2019-cu ilin oktyabrında Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında “Sülh Çeşməsi” əməliyyatının başlaması ilə ABŞ bu bölgədəki bazalarını boşaldaraq neft yataqları ətrafında yerləşməyə üstünlük verib. Terror təşkilatına dəstəyini davam etdirən ABŞ qüvvələri hazırda Hasəkə, Raqqa və Deyr əz-Zor vilayətlərində PKK/YPG-nin işğal etdiyi ərazilərdə yerləşir.
Vaşinqton PKK/YPG terrorçularının işğal etdiyi neft yataqlarında yerləşən hərbi baza və məntəqələrinə davamlı əlavə qüvvələr göndərir. ABŞ-nin terror təşkilatına dəstəyi Türkiyənin etirazları fonunda baş verir.