İran sərhəddəki Pəncqur qəsəbəsində “Ceyş ül-Ədl adlı silahlı qruplaşma”ya zərbə endirdiyini iddia etsə də, hücumda günahsız uşaqlar hədəfə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Pakistanın kəşfiyyat mənbələrinə istinadla Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.
Agentliyin həmsöhbəti Pakistanın İranın hücumuna tələsik reaksiya vermədiyini, amma 2019-cu ilin fevralında Balakotda Hindistana verilən cavaba istinadla İslamabadın cavab verməkdə yaxşı olduğunu deyib.
Məsələ ilə bağlı vacib və təcili müzakirələrin davam etdiyini bildirən mənbə İranın hücumuna cavab olaraq, bütün variantların masada olduğunu da vurğulayıb.
Kəşfiyyat Pakistanın regional durumdan xəbərdar olduğunu qeyd edərək, İranın Qəzzadakı savaşın bitməsinə ciddi töhfə verə bilməyəcəyi bir vaxtda gündəmdə qalmaq niyyətində olduğunu bildirib.
Dünən Pakistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada İran tərəfindən ölkənin hava məkanını səbəbsiz şəkildə pozması şiddətlə pislənilib və Tehrana xəbərdarlıq edilib. Hücumda 2 uşağın həyatını itirdiyi, 3 azyaşlı qızın isə yaralandığı açıqlanıb. Bəyanatda vurğulanıb ki, Pakistanın suverenliyinin bu şəkildə pozulması yolverilməzdir, ciddi nəticələrə səbəb ola bilər.