Yəmənin şimalında yerləşən İranın dəstəklədiyi “Ənsarallah” qruplaşması (Husilər) Ədən körfəzində ABŞ gəmisinə raket zərbəsi endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə qruplaşmanın sözçüsü Yəhya Sariya açıqlama verib.
“ABŞ və Britaniyanın ölkəmizə qarşı təcavüzünə cavab olaraq, uca Allahın köməyi ilə Yəmən Hərbi Dəniz Qüvvələri gecə Ədən körfəzində üzərkən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Lewis B. Puller” gəmisinə raket atıb”, - Sariya bildirib.
Onun iddiasına görə, gəmi ABŞ və Britaniyanın Yəmənə zərbələrinə dəstək verib.
Yanvarın 12-dən etibarən ABŞ və Britaniya aviasiyası Yəmənin müxtəlif bölgələrində husilərin hərbi mövqelərinə zərbələr endirir.
Qeyd edək ki, gecə saatlarında ABŞ-nin İordaniyadakı hərbi bazasına da hücum edilib. Rəsmi Vaşinqton baş verənlərə görə İrana bağlı qruplaşmaları ittiham edib.