12 Fevral 22:27
2 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada Ukrayna ilə müharibə üçün muzdlular hazırlanır, sayları 1000-ə qədər ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov deyib.

O qeyd edib ki, Suriyada PUA-ların mənimsənilməsi üzrə təlim kursları keçirilir və paralel olaraq muzdlular hazırlanır. Eyni zamanda, kəşfiyyatçı əlavə edib ki, əcnəbi təlimçilərin cəlb edilməsinə dair əvvəlki cəhdlər o qədər də uğurlu olmayıb, çünki onlar Rusiyaya getmək istəməyiblər. Yusovun fikrincə, əcnəbi mütəxəssislər gizli təlimlərin sonunda öldürülməkdən qorxurlar.

Yusovun sözlərinə görə, suriyalı muzdlulara təlimlərin qısa müddətdə başa çatması mümkündür:

“Rusiya uzun müddətdir Suriyanı xarabalığa çevirir və məhv edilmiş ölkənin vətəndaşlarına maddi mükafat vədləri muzdluların diqqətini cəlb edə bilər.

Söhbət 1000-ə yaxın muzdlunun hazırlanmasından gedir. Döyüş təcrübəsi olan insanlara üstünlük verilir, amma bu, yeganə şərt deyil. Həm də vəd verirlər ki, cəbhə xəttinə keçməyəcəklər, mühafizə və təhlükəsizliklə bağlı işləyəcəklər, amma belə deyil, onlar da digər muzdlular kimi birbaşa ön xəttə göndəriləcək”.

O əlavə edib ki, Rusiya hazırda fəal şəkildə postsovet ölkələri və bütün dünyadan muzdlu cəlb etməyə çalışır.

Baş Kəşfiyyat İdarəsinin iddiasına görə, “Hizbullah” terror təşkilatı Suriyada Rusiya PUA operatorlarına Ukraynaya qarşı müharibə üçün təlimlər keçir. Livan-İran-Rusiya təlim kursu “Şahid” və “Əbabil” PUA-ları, eləcə də uzaqdan idarə olunan “Raad” təyyarələrinin mənimsənilməsini əhatə edir.

Ukraynanın iddiasına görə, hərbi təlimlər “Hizbullah” komandirləri tərəfindən idarə olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər