Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva Qəzza zolağındakı müharibəni Adolf Hitlerin cinayətləri ilə müqayisə etdiyi üçün İsraildən üzr istəmək niyyətində deyil.
Teleqraf.com xəbər verir ki, bunu Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə xüsusi nümayəndəsi Selso Amorim deyib.
“Biz həmişə bir-birimizə böyük hörmətlə yanaşmışıq və iki dövlət yaratmaq ideyasını müdafiə etmişik, amma üzr istəmək üçün heç nə yoxdur”, - S.Amorim bildirib.
O vurğulayıb ki, İsrail özünü getdikcə daha çox təcrid vəziyyətinə salır.
Qeyd edək ki, İsrail xarici işlər naziri İsrael Katz Qəzzadakı müharibəni Holokostla müqayisə edən Braziliya Prezidenti Luiz İnasiyu Lula da Silvanın “arzuolunmaz şəxs” elan edildiyini açıqlayıb.
Bundan əvvəl Silvanın açıqlaması ilə bağlı Braziliyanın İsraildəki səfiri Frederiko Mayer Xarici İşlər Nazirliyinə çağırılıb.
Braziliya lideri İsraili Qəzza zolağında “soyqırımı törətmək”də günahlandırıb və baş verənləri Adolf Hitlerin yəhudilərə qarşı vəhşiliyi ilə müqayisə edib.
İsrail Baş naziri Benyamin Netanyahu bu cür bəyanatları “qırmızı xətti keçmək” adlandırıb.