İtaliyanın “Böyük Yeddiliyə” (G7) sədrliyi çərçivəsində Kiyevdə Rusiya-Ukrayna münaqişəsinin ikinci ildönümü ilə əlaqədar G7 ölkələri liderlərinin videokonfrans formatında iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, İtaliya Nazirlər Şurası məlumatına görə, Baş nazir Ciorcia Meloninin sədrliyi ilə keçirilən görüşdə G7 ölkələrinin dövlət və hökumət başçıları Rusiya-Ukrayna münaqişəsini müzakirə edib, Kiyevə dəstəyi yeniləyib.
Ciorcia Meloni ölkəsinin Ukraynanın bərpa və yenidən qurulmasında əsas rol oynamaq istədiyini, İtaliyanın 2025-ci ildə Ukraynanın Bərpası Konfransına ev sahibliyi edəcəyini bildirib.
İclas çərçivəsində İtaliya və Ukrayna arasında təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığa dair saziş imzalanıb. Sonda iclasa dair birgə bəyanat qəbul olunub.
“Böyük Yeddilik” ölkələrinin xarici işlər nazirləri isə Kiyevdəki görüşdə ədalətli və davamlı sülhə nail olunması üçün tam dəstəklərini bildiriblər.