Nə Rusiya, nə də Ukraynanın döyüş meydanında qəti qələbə qazanmaq üçün kifayət qədər resursları var. Amma ağır itkilərə baxmayaraq, qarşılıqlı tələblərin radikallığına görə indiki mərhələdə sülh sazişinin əldə olunması ehtimalı çox aşağıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Foreign Affairs” yazır.
ABŞ nəşri hesab edir ki, cəbhədəki qarşılıqlı ağrılı çıxılmaz vəziyyət nəzəri olaraq tərəfləri danışıqlara sövq etməlidir. Məqsədə hərbi güclə çatmağın qeyri-mümkünlüyü bəlli olduqda, tərəflər indiyədək qəbuledilməz görünən güzəştlərə razılaşa bilərlər. Yenə də nəzəri olaraq...
“Münaqişədə sülhə nail olmaq üçün hər iki tərəf bir-birinin minimum tələblərini qəbul etməyə hazır olmalıdır. Qarşılıqlı irəliləyiş olmamasına baxmayaraq, nə Rusiya, nə də Ukrayna bir-birinin tələblərini həzm edə bilir. Hər iki tərəf ərazilərin verilməsində istəksizdir”, - məqalədə deyilir.
Nəşrin fikrincə, hazırda heç bir yaradıcı diplomatiya bu durumu dəyişdirə bilməyəcək. Hər iki ölkə üçün müharibənin davam etdirilməsi belə güzəştlərə əsaslanan nizamlanmadan daha yaxşı variant olaraq qalır. Tərəfləri itaətkar edə biləcək yeganə şey döyüş meydanı və ya müharibə edən ölkələrin siyasi rəhbərliyində köklü dəyişiklikdir.
“Münaqişəyə son qoymağın nəticələri onun davam etdirilməsindən daha pis görünsə, mübarizə variantı iştirakçılar üçün rasional görünə bilər”, - ABŞ qəzeti yazır və əlavə edir ki, potensial sülh sazişinə etimad ayrıca məsələdir.
Amerikalı analitiklər qeyd edirlər ki, Rusiya Ukraynanın suverenliyinin faktiki olaraq məhv edilməsi, ərazilərin verilməsi, hökumətin dəyişdirilməsi və ordunun ləğvi kimi sərt tələblərindən hələ də əl çəkməyib. Ukrayna tələblərdən heç biri ilə razılaşmır. Kiyevin fikrincə, Kremldən sülhlə bağlı verilən mesajlar sadəcə Moskvanı əlverişli nöqteyi-nəzərdən göstərmək və Ukraynaya beynəlxalq dəstəyin qarşısını almaq üçün hazırlanmış teatrdır.