22 May 08:00
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti İbrahim Rəisini müşayiət edən helikopterdə olan Aparat rəhbəri Qulamhüseyn İsmaili prezident helikopterinin qəzaya uğramasının yeni təfərrüatları barədə danışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İRNA-da məlumat yayılıb.

O bildirib ki, uçuş zamanı hava şəraiti əlverişli olub, bulud örtüyü məhdud ərazidə qeydə alınıb:

“Günorta saat bir radələrində heç bir dəyişkən hava şəraiti olmadığı üçün aydın havada Təbrizə uçuş başladı. Təxminən 45 dəqiqəlik hərəkətdən sonra mədən yaxınlığındakı dərədə bulud ləkəsi müşahidə olunurdu. Prezidenti daşıyan helikopterin pilotu səhra komandiri kimi digər pilotlara bildirirdi ki, buludlardan yuxarı çatmaq lazımdır, buna görə yüksəkliyə qalxmalıdırlar. Ortadakı helikopter Prezidenti aparırdı. Bizim pilotumuz 30 saniyə buludların üzərində yol gedəndən sonra ortadakı helikopterin olmadığını başa düşdü”.

Onun sözlərinə görə, ortadakı helikopter yuxarı qalxmadığı üçün özünün olduğu helikopterin pilotu geri qayıtdı:

“Ondan geri qayıtmağının səbəbini soruşanda ortadakı helikopterin gəlmədiyini dedi. Biz qayıdaraq onları tapmaq qərarına gəldik. Bulud olan bu hissədə aşağını görə bilmirdik, buludun altına qayıtmaq mümkün deyildi. Heç bir radio rabitəsi qurmaq cəhdimiz mümkün olmadı. Bir-iki dəqiqədən sonra Süngün mis mədəninə endik və məsələni müşahidə etməyə başladıq”.

O, İranın mərhum xarici işlər naziri Hüseyn Əmir-Abdullahiana və mühafizə komandirinə “dəfələrlə zəng etdiyini, lakin heç birinin cavab vermədiyini” söyləyib:

“Uçuş heyəti bildirdi ki, kapitan Mustəfəvi ilə telefon əlaqəsi saxladıq, cənab Ali-Haşim cavab verdi və dedi ki, vəziyyətim yaxşı deyil və dərəyə düşmüşük. Xüsusi bir şey demədi. Sonra mən həmin telefona zəng etdim və cənab Ali-Haşim cavab verdi. Soruşdum ki, necəsən? Dedi ki, vəziyyətim yaxşı deyil. Onun ağrısı var idi. Nə baş verdiyini soruşdum. Dedi ki, nə baş verdiyini bilmirəm. Ağacların arasına düşdüyünü bildirdi. Digər yoldaşları haqda soruşdum. Dedi ki, onların heç birini görmürəm və ətrafımda heç kim yoxdur. Sonra meşənin xüsusiyyəti haqda məlumat verdi”.

Prezident Aparatının rəhbəri qeyd edib ki, “xilasedicilər dərhal qəzanın olduğunu təxmin etdiyimiz əraziyə yollandılar”:

“Sonradan qəza yerini tapdıqda cəsədlərin vəziyyəti Ayətullah Rəisi və digər yoldaşlarının dərhal dünyasını dəyişdiyini göstərirdi. Lakin Ali-Haşim bir neçə saat sonra şəhid olmuşdu”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər