Böyük Britaniya parlamentinin 54 deputatı Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) birbaşa uçuş tələb edən məktubu imzalayıb.
Teleqraf.com xəbər verir ki, parlamentarilər xarici işlər naziri Devid Kemerona ünvanladıqları məktubda Britaniyadan birbaşa uçuşların başlanmasını dəstəklədiklərini bildirirlər.
Məktubda deyilir ki, Britaniya etnik mənşəyindən asılı olmayaraq, bütün kiprlilərin bərabərlik şəraitində öz potensiallarına nail olmaq və öz həyatlarını ayrı-seçkilikdən azad yaşamaq hüququna malik olmasını təmin etmək üçün məsuliyyət daşıyır.
Sənəddə Britaniyada 300 min Kipr türkü, ŞKTC-da isə 15 min ingilisin yaşadığı vurğulanır: “Kipr türkləri Britaniyanı tarixən öz maraqlarının möhkəm müdafiəçisi kimi görür və Britaniya hökumətini birbaşa uçuşlar məsələsinin həllində vasitəçilik etməyə çağırır”.
Məktubda Britaniya hökumətinin ŞKTC-nin təcridinə son qoyulması ilə bağlı türklər qarşısında öhdəliyini yerinə yetirmədiyi və tədbirlərin yumşaldılmasını müzakirə etmək istəmədiyi vurğulanır.
Deputatlar Britaniyanın rəsmi olaraq tanımadığı bəzi ölkələrə uçuş icazəsi verdiyinə diqqət çəkirlər: “Britaniya Kosovo kimi BMT üzv olmayan və Tayvan kimi rəsmən tanınmayan ölkələrə uçuş icazəsi verirsə, niyə ŞKTC-yə olmasın? Yeni Ercan Beynəlxalq Hava Limanı beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğundur və hər il yüz minlərlə sərnişini etibarlı şəkildə qəbul edir”.
Regional təhlükəsizliyə gəlincə, məktubda qeyd edilir ki, adadakı hərbi bazaları Britaniyanın ən vacib aktivlərindəndir: “Əgər Britaniya hökuməti Kipr türkləri ilə anlamlı əlaqə qurmaq istəmirsə, biz bunun əvəzinə Rusiya və İran kimi ölkələrə imkan verəcəyik, bu da Britaniyanın Şərqi Aralıq dənizindəki strateji mövqeyini əsaslı şəkildə sarsıdacaq”.
Məktubda ədalət və Britaniyanın təhlükəsizliyi naminə hökumətdən Kipr türkləri qarşısında götürdüyü öhdəlikləri yerinə yetirdiyinə dair açıq bəyanat verməsi istənilir.