Moskva məhkəməsi jurnalist Dmitri Kolezevin iki aylıq həbsinə dair qərar verib.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, jurnalist Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərəkətləri haqqında yalan məlumat yaymaqda ittiham olunur.
Jurnalist hazırda ölkədə olmadığından beynəlxalq axtarışa verilib, onun həbs müddəti Rusiya Federasiyasının ərazisinə ekstradisiya edildiyi andan və ya Rusiyada saxlandığı andan hesablanacaq.
Daha öncə işin başlanmasına Kolezevin sosial şəbəkələrdə Buçada baş verənlərlə bağlı paylaşımları səbəb olduğu bildirilib.
Dmitri Kolezev telegram kanalında məhkəmə qərarı ilə tanış olduğunu yazıb: "Buça ilə bağlı nəşrlərimdə heç bir düşmənçilik əlaməti yoxdur, yalnız RF Silahlı Qüvvələrinə və Rusiya hakimiyyətinə mənfi qiymət vermişəm. Amma bu, müstəntiq Sidorenkonun Putinə və RF Silahlı Qüvvələrinə nifrətlə nəşrlər hazırlamağıma əsaslanaraq hökmü daha ciddi kimi təsnifləşdirməsinə mane olmayıb. Yaxşı, deyək ki, mən onlara sevgi ilə yanaşmıram, amma nifrət etdiyim də sübut olunmayıb. Məhkəmə buna əhəmiyyət vermir".