Rusiya-Ukrayna müharibəsi qlobal xarakter almağa başlayıb.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Rusiya-Ukrayna savaşı başlayanda çox az siyasətçi Üçüncü Dünya Müharibəsi riski haqqında danışırdı, indi isə elə bir lider yoxdur ki, bu haqda fikir bildirməsin. Nəzəri bilikləri ilə fərqlənən Türkiyə xarici işlər naziri Hakan Fidandan tutmuş, ABŞ Prezidenti Co Bayden və Ağ Evə yenidən yiyələnmək uğrunda mübarizə aparan Donald Trampa qədər yeni dünya müharibəsinin başlaması ehtimalının yüksək olduğunu vurğulayanların sayı artıb”, - ekspert bildirib.
Elxan Şahinoğlu hesab edir ki, Rusiya-Ukrayna savaşı davam etdikcə, böyük müharibə riski artacaq:
“Məsələn, artıq Qara dəniz səmasında Rusiya təyyarələri ilə ABŞ-nin pilotsuz uçan aparatları arasında toqquşma riski yüksəkdir. Birinci Dünya Müharibəsi serb separatçının atdığı bir neçə güllə ilə başlamışdı, dörd illik mənasız müharibə milyonlarla insanın həyatına son qoydu. Hazırda qarşıdurma tərəflərinin nüvə silahları var. Bu dövlətlərin toqquşacağı halda tərəflərdən birinin düyməyə basmayacağından, digərinin də buna cavab verməyəcəyindən heç kim sığortalanmayıb.
Üçüncü Dünya Müharibəsi riski hamını qorxudur, heç kim böyük savaş istəmir, ancaq böyük dövlətlər Rusiya-Ukrayna savaşını dayandırmaq gücündə də deyillər. Müharibə getdikcə beynəlmiləlləşir”.