Ukrayna prezidenti Vladimir Zelenski “The Philadelphia Inquirer”ə müsahibəsində deyib ki, ABŞ Rusiya prezidenti Vladimir Putini qıcıqlandırmamaq üçün bu gün Ukraynanın NATO-ya dəvətini dəstəkləmir.
Teleqraf.com xəbər verir ki, Zelenskinin sözlərinə görə, bu gün Ukraynanın NATO-ya üzvlüyü nə hazırkı prezident Co Bayden, nə də ABŞ prezidentliyinə namizəd Donald Tramp tərəfindən dəstəklənmir.
“Biz başa düşürük ki, Ağ Ev bizi dəvət etməyə hazır deyil. Bu barədə açıq deyirlər. Prezident Bayden bu barədə danışır. Və Tramp deyir ki, NATO olmasaydı, müharibə başlamazdı. Hər iki tərəfin fikirlərini dinləyirik. Bu isə sübut edir ki, təəssüf ki, bu gün Ukraynanı NATO-da heç kim görmür” o bildirib.
Lakin Zelenskinin sözlərinə görə, o, Amerikanın belə siyasətini dəstəkləmir və bunu geriyə gedən yol hesab edir. Onun fikrincə, belə ehtiyatlı siyasət dünya liderlərinə deyil, mina axtaranlara lazımdır.
“Bütün bunları başa düşərək, bu gün bizim üçün dəvət yoxdursa, deməli biz konkretlik istəyirik. Əgər Amerika Putini bezdirməkdən qorxursa və buna görə də bizi dəvət etmirsə, biz ABŞ-dan xahiş edirik ki, bizi qoruya biləcək maksimumu versin. Biz Patriot, kifayət qədər F-16 və digər silahlar istəyirik”, - deyə Ukrayna prezidenti bildirib.