ABŞ-ın keçmiş prezidenti demokrat Barak Obama Co Baydenin debatdakı uğursuz çıxışından sonra onun ikinci müddətə yenidən seçilmə perspektivlərinə şübhə ilə yanaşıb.
Teleqraf.com xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Washington Post" məlumat yayıb.
Bildirilir ki, Obama Baydenin çıxışına ictimai bəyanatlardan daha sərt qiymət verib.
O, həm də debatdan sonra Baydenə telefonla zəng edib və şəxsi məsləhətçi kimi kömək təklif edib.
Qeyd edilir ki, Obama uzun müddətdir ki, Demokratların keçmiş respublikaçı prezident Donald Trampa qalib gələ bilmə prespektivlərindən narahatdır və Baydenə indiki vəziyyətin mürəkkəbliyi ilə bağlı dəfələrlə xəbərdarlıq edib. O, debatdan dərhal əvvəl yaranmış vəziyyətdən narahatlığını da ifadə edib.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb. Onların namizədliyi yayda keçiriləcək partiya qurultaylarında təsdiqlənəcək.