HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bu gecə Tehranda, İranın paytaxtının Şimran səmtindəki villada qətlə yetirilib. Onunla birlikdə mühafizəçisi, 32 yaşlı Məhəmməd Übeyd Əmal da həlak olub.
Teleqraf.com xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.
Onun sözlərinə görə, 61 yaşlı Haniyə Tehrana İranın yeni prezidenti Məsud Pezişkianın andiçmə mərasiminə qatılmaq üçün gəlmişdi:
"İlkin məlumatlara görə, villaya İsrail PUA-sı raket zərbəsi endirib. Zərbənin İsrail Hərbi Hava Qüvvələrinin F-35 təyyarəsi vasitəsilə endirildiyi də iddia olunur.
İddialar, ehtimallar, gümanlar çoxdur.
Qərb mediası və analitikləri "zərbə əməliyyatı"nın əslində İranın xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyini iddia edirlər. Amma bu iddia absurddur, çünki İran prezidentinin andiçmə mərasiminə dəvət edilmiş fəxri qonağın Tehranda öldürülməsi İranın təhlükəsizlik strukturları üçün böyük, hətta çox böyük ləkədir. İranda heç bir qurum ölkənin nüfüzuna tərs sillə sayılacaq belə addım atmaz.
Əməliyyatın İsrail xüsusi xidmət strukturları tərəfindən həyata keçirildiyi şübhə doğurmur. Daha dəqiq olsaq, bu əməliyyatın arxasında İsrailin Kəşfiyyat və Xüsusi Tapşırıqlar İdarəsinin (MOSSAD) dayandığını söyləmək olar.
Dollar milyarderi olan İsmayıl Haniyənin İran rəhbərliyi, xüsusilə də SEPAH komandanlığı ilə son vaxtlar münasibətləri ifrat dərəcədə soyumuşdu. Onun iqamətgahının yerləşdiyi Qətərdən də çıxarılması gözlənilirdi, çünki rəsmi Doha HƏMAS-a yardım etsə də, bu qruplaşmanın rəhbərliyi "müstəqil siyasət" yürütməyə üstünlük verirdi.
Haniyənin Tehranda qətlə yetirilməsi İranın xüsusi xidmət strukturlarının üzqarası sayıla bilər. Çünki İran paytaxtında belə əməliyyat keçirilirsə, üstəlik, prezidentin andiçmə mərasiminə dəvət almış fəxri və yüksək mənsəbli qonaq qətlə yetirilirsə, kim təminat verə bilər ki, analoji əməliyyat Tehranda İranın hakimiyyət mənsublarından birinə qarşı reallaşdırıla bilməz? Belə təminat artıq yoxdur, çünki Tehranda ali qonaqların mühafizə sisteminin "aşsüzən" təsiri bağışladığı bəlli oldu".
Elçin Alıoğlu xatırladıb ki, İsmayıl Haniyə 13 övlad atası idi: "Bu ilin aprelin 10-da onun üç oğlu və üç nəvəsi Qəzza bölgəsindəki Şəti qaçqın düşərgəsinin İsrail tərəfindən bombalanması nəticəsində həyatlarını itirib".
Jurnalist əlavə edib ki, İsmayıl Haniyənin bacıları Xalidiyyə, Leyla və Səbah İsrailin Təl-Şəva şəhərində yaşayır: "Onların övladları İsrail ordusunda xidmət edib və üçü də dul olan qadınların hamısı İsraildən təqaüd və müavinətlər alır".