Ən yaxşı təchiz edilmiş və ən sürətli Ukrayna briqadalarından biri - 80-ci Hava Desant Hücum Briqadası Kursk vilayətinin işğalına qoşulub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Forbes” yazır.
Sosial şəbəkələrdə yayılan videoda Rusiya ərazisinə daxil olan Ukrayna briqadasını T-64BV və T-80BV tankları, UR-77 istehkam maşını, IMR-2 mühəndis texnikası, həmçinin BTR-80 və ABŞ istehsalı “Stryker” zirehli transportyorlarının müşayiət etdiyi görünür.
Videoda Ukraynanın Rusiya ərazisinə hücumunun ilk anları qeydə alınıb. Ukraynanın ən yaxşı briqadalarından biri olan 80-ci hücum briqadasının hücumda iştirakı Ukraynanın Kursku ələ keçirmək əməliyyatının miqyasını göstərir.
Əvvəllər Ukraynaya bağlı qüvvələr sərhədi keçərək Rusiya ərazisində reydlər keçirmişdi. Amma bu həmlələr kiçikmiqyaslı idi və heç vaxt bir neçə gündən çox davam etməmişdi. Bu kimi həmlələrdə məqsəd Rusiya rəhbərliyini pis vəziyyətdə qoymaq idi. Amma “Forbes” iddia edir ki, Ukraynanın hazırkı əməliyyatı digərlərindən fərqlidir. Bu, hər birində 2000-ə qədər hərbçidən ibarət ən azı üç briqadanın iştirak etdiyi hücumdur. Söhbət 22-ci və 88-ci mexanikləşdirilmiş, eləcə də 80-ci hücum briqadalarından gedir.
“Hər saat getdikcə daha aydın olur ki, Kurskda baş verənlər basqın deyil, bu, əsl işğaldır”, - məqalədə bildirilir.