3 Yanvar 10:20
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın texnologiya nəhənglərindən olan "Apple" şirkəti səs köməkçisi texnologiyası "Siri"nin istifadəçilərin məxfiliyini pozduğuna görə 95 milyon dollar ödəyəcəyi məhkəmə qərarı ilə razılaşıb.

Teleqraf.com xəbər verir ki, Kaliforniyanın Şimal dairəsinin hakimi Ceffri Uayt tərəfindən təsdiq edilməli olan ilkin razılaşma Oklend federal məhkəməsinə təqdim olunub. Sözügedən iş “Siri”nin istəmədən aktivləşdirilə biləcəyi və istifadəçilərin yazılan söhbətlərinin onların razılığı olmadan üçüncü şəxslərlə paylaşıldığı iddiası ilə açılıb. "Apple" ittihamları rədd etsə də, 95 milyon dollar ödəməyə razılaşıb. Müqavilə təsdiq olunarsa, “Siri” ilə işləyən cihazların istifadəçiləri hər cihaz üçün 20 dollara qədər ödəniş ala biləcəklər. Sövdələşmə 17 sentyabr 2014-cü il və 31 dekabr 2024-cü il tarixləri arasında "Siri" ilə işləyən "iPhone", "iPad", "Apple Watch", "MacBook", "iMac", "HomePod", "iPod touch" və ya "Apple TV"yə sahib olan ABŞ istifadəçilərini əhatə edəcək.

Qeyd edək ki, “Siri” səsli köməkçi texnologiyası ilk dəfə 2011-ci ildə buraxılan "iPhone 4S" modellərinə daxil edilib.

İstifadəçilərə "Siri"ni səssiz rejimdə aktivləşdirməyə imkan verən "Hey Siri" funksiyası 2014-cü ildə təqdim olunub.


Müəllif: Ceyhun Alışlı

Oxşar xəbərlər