Hazırda İspaniyada mühacir həyatı yaşayan Venesuela müxalifətinin lideri Edmundo Qonzalesin həbsinə yardım edən şəxsə 100 min dollar mükafat ödəniləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Venesuelanın Elmi və Kriminalistik Araşdırmalar Dərnəyi məlumat yayıb.
Bildirilib ki, Qonzales respublikaya qarşı zorakılıq aktlarını dəstəkləmək, vəzifə səlahiyyətlərini ələ keçirmək, sənədləri saxtalaşdırmaq, çirkli pulların yuyulması, dövlət qurumlarına məhəl qoymamaq, qanuna tabe olmamaq və cinayət təşkilatı yaratmaq ittihamı ilə axtarılır.
Bundan başqa, iddialara görə, o, Argentinaya səfər edəcək və Prezident Xavyer Mileylə görüşəcək.
Xatırladaq ki, ötən ilin iyulunda keçirilən prezident seçkilərində Nikolas Maduro yenidən qalib gəlib. Müxalifət isə seçkilərin saxtalaşdırıldığını iddia edir. Buna görə də ölkədə kütləvi etirazlar başlamış və Qonzales həbs edilməmək üçün ölkədən qaçmışdı.