Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-ın mülki təyyarəsi “Pantsir” Hava Hücumundan Müdafiə (HHM) sistemindən atılan 2 raketlə vurulub.
Teleqraf.com xəbər verir ki, bu barədə "ВЧК ОГПУ" teleqram kanalı məlumat yayıb.
Məlumatda, həmçinin təyyarənin vurulma əmrini verən şəxsin adı da açıqlanıb.
Bildirilib ki, əmri birbaşa Rostovdan Borisov soyadlı komandir verib.
Sözügüdən informasiya kanalı hadisənin əsas başvermə səbəblərindən biri kimi güclü elektron müdafiə sisteminin təsirini vurğulayıb.
Bu sistem mülki və hərbi texnikanın rabitəsini tamamilə pozaraq koordinasiyanı çətinləşdirib.
Hətta "Pantsir" ekipajlarından biri təyyarənin mülki olduğunu görüb və atəş açmaqdan çəkinib. Lakin digər ekipaj elektron rabitə olmadan əmrə əsasən raketləri buraxıb.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycam Hava Yollarına (AZAL) məxsus “Embrarer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğrayıb.
Hava gəmisində Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin, həmçinin 5 ekipaj üzvü olub.
Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər, o cümlədən 2 ekipaj üzvü sağ qalıb.
Hadisənin ilk günündən təyyarənin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğuna dair xəbərlər yayılırdı. Dekabrın 26-da bu versiya özü təsdiqini tapıb.
İlkin istintaq nəticələrinə əsasən müəyyən edilib ki, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemindən istifadə edilməklə hücuma məruz qalıb.
Üstəlik, Rusiya tərəfinin elektron döyüş sistemlərindən istifadə etməsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic vəziyyətinə düşüb.