2 Yanvar 16:13
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə İstanbul Cəza Məhkəməsi ötən il Moskvada "Crocus City Hall"da baş vermiş terror aktını törədənlərlə əlaqədə olmaqda təqsirləndirilən şəxslərə qarşı ittiham aktını qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, sözügedən şəxsləri 7,5 ildən 15 ilə qədər həbs cəzası gözləyir.

İş İstanbul Baş Prokurorluğunun Terrorla Mübarizə Bürosunun əvvəllər Türkiyədə saxlanılan 5 nəfərə qarşı apardığı araşdırmadan sonra başlanıb.

Bildirilir ki, müttəhimlər Xofizjon Usmonov, Mutaullo Asoyev, Raxmatullo Salikov, Mohammedrahim Faizov və Khamza Mohammed terror aktını törədənlərdən ikisi - Saidakram Rachabalizoda və Şəmsidin Fəriduni ilə əlaqədə olublar.

Bu şəxslər müxtəlif vaxtlarda Türkiyəyə daxil olub, bəziləri ailələri ilə birlikdə İstanbulda yaşayıblar.

İttihamnamədə təqsirləndirilən şəxslərin birgə hərəkət etdiyi bildirilir.

Terror aktını törədənlərdən biri Fəriduni Usmonovla İstanbulun Avcılar səmtində eyni evdə yaşayıb.

Müttəhimlər bir-birlərinə zəng edərək, terror aktını planlaşdırıblar.

Təşkilatçılar terrorçuları Rusiyadan çıxararaq Belarus sərhədinə çatdıracaqlarını, həmçinin onlara yeni şəxsiyyət vəsiqələri və mənzillər verəcəklərini vəd ediblər.

Xatırladaq ki, ötən il martın 22-də "Crocus City Hall"-da törədilmiş terror aktı nəticəsində 150-ə yaxın insan qətlə yetirilib.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər