Noyabrın 27-də İdlibdə yerləşən silahlı müxaliflər gözlənilmədən Suriyanın Hələb şəhəri və Səraqib bölgəsindəki nəqliyyat qovşağına hücum etdilər. Qəfil hücum üç gün ərzində Hələb, Səraqib və onlarla yaşayış məntəqəsinin ələ keçirilməsi ilə nəticələndi. Yalnız Rusiya təyyarələrinin ağır bombardmanları Həmaya doğru hərəkət edən müxalif döyüşçülərin qarşısını ala bildi. Bununla belə, döyüşlər hələ də davam edir.
Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, ilk günlərdə Suriya müxalifətinin hücumu xaotik görünsə də, sonradan məlum oldu ki, bu, dəqiq planlaşdırılmış və yaxşı təşkil olunmuş əməliyyatdır:
“Silahlı qruplar 4 ildir mövcud olan cəbhə xəttini qısa zamanda yarıb, ardıcıl olaraq şəhər və kəndləri, o cümlədən, Suriyanın ikinci böyük şəhəri Hələbi bir neçə saat ərzində ələ keçirə bildilər. Bundan əlavə, hücum üçün güclü texniki dəstək var. Məsələn, müasir PUA-ların hücumda istifadəsi, Suriya ordusunun rabitə vasitələrinin gözlənilmədən partlaması, suriyalılar arasında koordinasiyanın pozulması hücum əməliyyatının texniki mükəmməlliyindən xəbər verir. Suriya Müdafiə Nazirliyi Hələbdə qüvvələr arasında koordinasiyanın itirilməsi səbəbindən geri çəkilmək məcburiyyətində qaldıqlarını açıqlayıb.
Nəhayət, ölkə Prezidenti Bəşər Əsədin Rusiyaya getməsindən sonra Dəməşqdə hökumət qüvvələri arasında atışma xəbərləri Hələb əməliyyatının tərkib hissəsi oldu.
Müxalifət bazar günü Hələbin şimalında, Türkiyə ilə sərhəddə yerləşən, kürdlərin əlində qalan yeganə şəhər olan Təl Rıfatı ələ keçirdi. Bununla yanaşı, son hadisələr fonunda kürdlərlə hökumət qüvvələri arasında yaxınlaşma müşahidə olunur. Görünən odur ki, kürdlər Türkiyənin indiki şəraitdə müxalifləri onlara qarşı yönəltməsindən narahatdırlar, buna görə də Əsədlə dil tapmağa çalışırlar”.
Zaur Məmmədov vurğulayıb ki, əvvəllər İdlibdə yerləşən müxaliflər ələ keçirdikləri ərazilərin miqyasını iki dəfə artırmağa nail olublar:
“Ehtimallara görə, hücum davam edərsə, müxalifət Həmanı ələ keçirə, bununla da İranın Livanla əlaqəsini Humsdan kəsə bilər. Amma bu, daha çox Suriya hakimiyyətinin reaksiyasından asılı olacaq. Artıq Hələbə İran və İraqdan əlavə qüvvələr göndərilib. Suriya ordusu tezliklə koordinasiyanı bərpa edərsə, hücumu dayandıra bilər. Əks halda, hakimiyyət ölkənin şimalındakı ərazilərin əhəmiyyətli hissəsinin itirilməsi ilə barışmalı olacaq”.