Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayev Tbilisidə fiziki zorakılığa məruz qalıb.
Teleqraf.com xəbər verir ki, onun üzərinə müxalif “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri, Aleko Elisaşvili hücum edib.
Yayılan məlumatlara əsasən, tərəflər arasında yaranmış mübahisə sonradan qarşıdurmaya keçib. A.Elisaşvili Ə.Babayevi itələyəndən sonra soydaşımız yerə yıxılaraq başından xəsarət alıb.
Təcili tibbi yardım maşını ilə GAMK sədri xəstəxanaya çatdırılıb. Ona müvafiq tibbi yardım göstərilib, hazırda vəziyyəti normaldır.
Ə.Babayev “Teleqraf”a açıqlamasında bildirib ki, mübahisəyə səbəb A.Elisaşvilinin onun ünvanına ağır söyüşlər səsləndirməsi olub. Onun sözlərinə görə, yerə yıxılması nəticəsində bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb. GAMK sədri qeyd edib ki, hadisə ilə bağlı polisə şikayət edib və ondan artıq izahat alınıb.