Tanınmış iş adamı, “Azərsun Holding”in prezidenti, “Qarabağ”ın fəxri prezidenti Abdulbari Gözəl vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Azərsun Holding” rəsmi məlumat yayıb.
Məlumatda qeyd edilib: "Dərin hüznlə bildirmək istəyirik ki, Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi mühüm töhfələrə görə ölkə başçısı tərəfindən "Şöhrət" ordeni, "Tərəqqi" medalı, onlarla yerli və qlobal mükafatla təltif edilən xeyriyyəçi iş adamı, "Azərsun Holdinq"in qurucusu Abdulbari Gozal vəfat edib. Allah rəhmət etsin!".
İş adamının bir saat öncə Dubayda vəfat etdiyi bildirilir.
Qeyd edək ki, Abdulbari Gözəl 23 avqust 1949-cu ildə İranda anadan olub. Milliyətcə kürd olan Abdulbari Gözəl 1992-ci ildən etibarən Azərbaycan və Gürcüstanda fəaliyyətə başlayıb. Milyarder "Azərsun Holding"i 1997-ci ildə yaradıb və onun Müşahidə Şurasının sədri olub.
O, Azərbaycanla yanaşı, İsveçrə və Dubayda neft və neft məhsullarının ticarəti ilə məşğul olan şirkətlərə sahib olub.
Gözəl həmçinin "Qarabağ" Futbol Klubunun fəxri prezidenti idi.
İş adamı Azərbaycan Prezidenti tərəfindən "Şöhrət" ordeni və "Tərəqqi" medalı ilə təltif olunub.