Qərbi azərbaycanlıların ata-baba yurdlarına, yəni indiki Ermənistan ərazisindəki torpaqlara qayıdışı və onların təhlükəsizliyi məsələsi mühüm amildir. Bunun Ermənistan qanunlarında necə əks olunacağı da olduqca maraqlıdır. Faktiki olaraq, Azərbaycan dövlət olaraq ermənilərin öz ərazisində yaşaması barəsində rəsmi mövqeyini bəyan edib. Vaxtilə ərazilərimizdə yaşamış ermənilərin hansı şəkildə geri qayıdıb yaşamaları, təhlükəsizlikləri və hüquqlarının təminatı ilə bağlı konkret mövqe var.
Bunu Teleqraf.com-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
“Ermənistan tərəfindən vaxtilə orada yaşamış azərbaycanlıların geri qayıtması fonunda hüquqları və təhlükəsizliyi ilə bağlı heç bir açıqlama verilməyib. Azərbaycan tərəfi bəyan edir ki, biz Qarabağda yaşamış ermənilərlə görüşüb, danışıqlar aparmışıq. Ona görə də erməni tərəfi də Qərbi Azərbaycan İcması ilə görüşüb, danışmalıdır”, - deyə o qeyd edib.
Sabiq nazir deyib ki, Ermənistan tərəfi məhz beynəlxalq qanunlara uyğun olaraq, Qərbi azərbaycanlılarla danışıb, onların hansı şəkildə geri qayıtması ilə bağlı müzakirə aparmalıdır:
“Erməni tərəfinə edilən çağırış məhz budur. İndiki halda Ermənistanı qorxudan da bu faktdır. Bunun əksinə Azərbaycan vaxtilə Qarabağda yaşamış ermənilərlə bir neçə dəfə ünsiyyət qurub, hətta onların qeydiyyatı üçün müvafiq portal da yaradılıb”.
Tofiq Zülfüqarov hesab edir ki, Azərbaycan dövlətinin bu davranışı beynəlxalq prinsiplərə uyğundur:
“İndiyə kimi Ermənistandan bu istiqamətdə heç bir açıqlama verilməyib. Bunun əvəzinə deyiblər ki, azərbaycanlılar bura qayıtsa, biz məhv olacağıq. Bundan başqa onlardan bir söz eşidilməyib. Ermənistan özünü dövlət hesab edirsə, beynəlxalq qanunlara uyğun addım atmalıdır”.