09:31
3 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana Vətən Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azərbaycan Prezidentinin Qərbi Azərbaycanla bağlı məsələni bir daha gündəmə gətirməsi Ermənistanda narahatlıqla qarşılanıb. İrəvanı bu məsələdə narahat edən səbəb nədir?

- Qərbi azərbaycanlılar ata-baba torpaqlarına mütləq qayıdacaq. Bu, tarixi zərurətdir. Prezident İlham Əliyev bu günə qədər qarşıya qoyduğu bütün məsələləri həll edib. Bu mənada ölkə başçısının Qərbi Azərbaycana qayıdışla bağlı bəyan etdiyi mövqe birmənalı olaraq reallığa əsaslanır. Dövlət başçısının birbaşa diqqəti ilə Qərbi Azərbaycan İcması artıq özünü ciddi bir təşkilat kimi göstərməklə tarixi həqiqətlərin ortaya çıxması istiqamətində mühüm addımlar atır. Bu mənada “Qarabağ Azərbaycandır” düşüncəsi ilə yaşayıb onu reallaşdıran cəmiyyətimiz indi də tədricən “Qərbi Azərbaycan - Azərbaycandır” fəlsəfəsi ilə tarixi torpaqlara qayıtmaq üçün öz fəaliyyətini səfərbərliyə almaqdadır. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan və onun komandası da bilir ki, bu torpaqlar Azərbaycana məxsusdur. Lakin onlar bunu etiraf edə bilmir. Sözsüz ki, bu etiraf onlar üçün daha böyük fəlakətlərə səbəb ola bilər. Ona görə də, erməni tərəfi bu mövzuya qarşı sona qədər müqavimət göstərməyə çalışacaq.

- Ermənistan tərəfinin sona qədər inkarçı mövqedə durması prosesə necə təsir edə bilər?

- Sözsüz ki, Qərbi Azərbaycanla bağlı Azərbaycan Prezidentinin və xalqının güclü iradəsi qarşısında erməni tərəfinin müqaviməti çox zəifdir. Ona görə də, Ermənistanın nə deməsindən və hansı bəyanatları verməsindən asılı olmayaraq soydaşlarımızın Qərbi Azərbaycana qayıtması prosesi gedir. Yaxın zamanlarda biz bu qayıdışın şahidi olacağıq.

- Bu gün sülhdən danışaraq Ermənistanın silahlandırılması hansı risklər yaradır? Yeni müharibə ehtimalı varmı?

- Azərbaycan Prezidenti də haqlı olaraq bu məsələ ilə bağlı öz mövqeyini bəyan etdi. Ermənistanı himayə edən dövlətlərin və qüvvələrin də diqqətinə bu məsələ çatdırılıb. Çünki işğalçı bir ölkənin silahlandırılması yolverilməz haldır və bu eskalasiya riskini artırır. Eyni zamanda bu hərəkətlər Ermənistanda revanşizmi stimullaşdırır. Belə olan halda Azərbaycanın sərt addımlar atacağı ilə bağlı Ermənistana xəbərdarlıq edilib. Lakin hələ də qarşı tərəf və onu himayə edən qüvvələr bundan nəticə çıxarmayıblar. Ona görə də, Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində son xəbərdarlıq etdi. Əgər Ermənistan bundan sonra da silahlanmanı davam etdirsə, bütün məsuliyyət onun üzərinə düşəcək. Çünki Azərbaycan özünə qarşı istiqamətlənən silahların atışı zamanını gözləməyəcək. Bu silahların hər biri Azərbaycan üçün konkret legitim hədəfdir.

- Rəsmi İrəvan edilən bütün xəbərdarlıqlara əməl etməsə, nə baş verə bilər?

- Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayıb. Dünyada işğalçı dövlət kimi tanınan Ermənistanın silahlanması region üçün risklər yaradır. Məhz işğalçı dövlətin bu cür davranışları onu Azərbaycan üçün legitim hədəfə çevirir. İrəvana verilən o silahlarla Azərbaycana növbəti zərbələrin vurulması gözlənilməyəcək. Ölkəmiz özünün hərbi gücü ilə bütün hədəfləri anındaca məhv etmək qabiliyyətindədir. Eyni zamanda aidiyyatı qurumlar yerdə olan bütün prosesləri izləyib Ali Baş Komandana dəqiq məlumatlar çatdırır. Sözsüz ki, Ermənistan edilən bütün xəbərdarlıqlardan nəticə çıxarmasa, ona verilən silahların alovu içərisində yanmalı olacaq.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər