Böyük Britaniyada parlament komitəsi hökuməti müstəqil Fələstin dövlətinin tanınması üçün vaxt cədvəlini elan etməyə və İsrailin beynəlxalq hüquqa riayətini təmin etmək üçün müəyyən tədbirlər görməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya Parlamentinin Beynəlxalq inkişaf komitəsi tərəfindən Qəzzada humanitar vəziyyət, İordan çayının qərb sahilindəki hadisələr və məcburi köçkünlərlə bağlı dərc olunan müvafiq hesabatında qeyd olunub.
Hesabatda 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumlarına İsrailin cavab verməsi nəticəsində çoxlu sayda mülki insan itkisi olduğu və Qəzzanın mülki infrastrukturunun məhv edildiyi bildirilib.
Qeyd olunub ki, Qəzzanın humanitar ehtiyaclarını qarşılamaq üçün bölgəyə hər gün 500 yardım maşınının girməsi lazım olduğu halda, bu rəqəm orta hesabla 25-ə enib.
Hesabatda, həmçinin İsrailin İordan çayının qərb sahili və Şərqi Qüdsdə 7 oktyabr 2023-31 oktyabr 2024-cü il tarixləri arasında 1800 binanı məhv etdiyi və həmin dövrdə 736 fələstinlinin öldürüldüyü qeyd olunub.
Komitə hesabatda vurğulayıb ki, Britaniya hökuməti İsrailin beynəlxalq humanitar hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməsini təmin etmək üçün əlindən gələni etməlidir.