Donald Tramp ABŞ prezidenti kimi rəsmən təsdiqlənib.
Teleqraf.com xəbər verir ki, o, Konstitusiyanı müdafiə edəcəyinə söz verərək əlini İncilin üzərinə qoyaraq and içib.
"Mən, Donald Con Tramp, təntənəli surətdə and içirəm ki, Birləşmiş Ştatların prezidenti vəzifəsini sədaqətlə icra edəcəyəm və bacardığım qədər ABŞ Konstitusiyasını qoruyacağam, dəstəkləyəcəyəm", - Tramp deyib.
Tramp 2017-ci ildə ilk andiçmə mərasimində olduğu kimi, iki İncil üzərində and içib. İncillərdən biri 16-cı prezident Abraham Linkoln 1861-ci ildə and içdiyi incildir. İkincisini isə Tramp uşaqkən anasından alıb.
Tramp ABŞ tarixində fasilə ilə dövlət başçısı vəzifəsini tutan ikinci prezident olub. Əvvəllər buna yalnız Qrover Klivlend (1885-1889-cu illərdə və 1893-1897-ci illərdə 22-ci və 24-cü prezident) nail ola bilmişdi. Tramp hazırda ABŞ-ın 45-ci və 47-ci prezidentidir.
Mərasimdə Bill Klinton, Corc Buş, Barak Obama, Co Bayden, Kamala Harris, həmçinin xarici liderlər – İtaliyanın baş naziri Corcio Meloni, Argentina prezidenti Xavyer Miley və Çinin vitse-prezidenti Han Çjen iştirak ediblər.