1980-ci illərin sonlarında Sovet İttifaqının zəifləməsi ilə birlikdə imperiyanın tərkibindəki xalqlar arasında müstəqillik arzuları güclənməyə başladı. Azərbaycanda da xalq milli kimliyini və ərazi bütövlüyünü qorumaq uğrunda birləşərək müstəqillik tələb edirdi. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Qarabağda baş verən gərginlik bu narazılığı daha da artırdı. 1989-cu ildən başlayaraq Bakıda və digər bölgələrdə keçirilən kütləvi mitinqlər Sovet rejiminə qarşı açıq bir etiraz dalğasına çevrildi. Xalq azadlıq şüarları ilə meydanlara çıxaraq müstəqillik və suverenlik tələblərini səsləndirdi. Nəticədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı rəhbərliyi Bakıya qoşun yeritmək qərarı verdi. Sovet ordusunun tankları və ağır silahları ilə Bakıya daxil olması nəticəsində yüzlərlə günahsız insan həlak oldu, yaralandı və itkin düşdü. Bu müdaxilə xalqın azadlıq mübarizəsini boğmaq üçün həyata keçirilmiş qanlı bir cinayət idi. Sovet rəhbərliyi bu hərbi əməliyyatı “ictimai asayişin bərpası” adı ilə əsaslandırmağa çalışsa da, əslində məqsəd xalqın müstəqillik ruhunu sarsıtmaq və milli azadlıq hərəkatını boğmaq idi.
Sovet imperiyası hələ ki tam yıxılmadığı üçün qətliama məruz qalmış Azərbaycan xalqının səsinin dünyada eşidilməsi yolunda vətəndən ayrı düşmüş mühacirlərin də önəmli rolu oldu. Xüsusilə qardaş Türkiyədə yaşayan azərbaycanlılar mətbuatda bu qanlı hadisə ilə bağlı məqalələr qələmə aldılar, bəyanatlar verdilər.
Bakıda törədilən qətliamın xəbəri Ankaraya çatdığı an Azərbaycan Kültür Dərnəyi və Azərbaycan Milli Mərkəzi 20 yanvar 1990-cı il saat 11-də mətbuat toplantısı keçirib. Qırxdan çox televiziya, radio, qəzet və agentliyin iştirak etdiyi mətbuat konfransını dərnəyin sədri Feyzi Aküzüm açıb. Dərnəyin katibi Əhməd Qaraca hadisə ilə bağlı geniş məlumat verib, Azərbaycandakı hadisələrin azadlıq və insan kimi yaşamaq uğrunda aparılan mücadilə olduğunu bildirib.
24 yanvar 1990-cı ildə isə Azərbaycan Milli Mərkəzinin Qərbi Almaniya təmsilçiliyi adından bəyanat verilib. Bəyanatda 1828-ci ildən etibarən başlayan proses izah edilib, Qarabağda erməni vilayətinin qurulması, Zəngəzurun ermənilərə verilməsi kimi məsələlərdən bəhs olunub. ABŞ və Qərb dünyasının qətliama susqun qalmasını qınayan bəyanatda Azərbaycanın bir qarış torpağını da heç kimə verməyəcəyi bildirilib: “Azərbaycandakı hadisələr Qorbaçovun Reyqanla görüşüb anlaşmasından sonra başlayıb. Azərbaycanda axan qanların baş səbəbkarı Corc Buş ilə Qorbaçovdur”.
1 fevral 1990-cı ildə isə Azərbaycan Milli Mərkəzinin sədri Dr. Məhəmməd Kəngərli dünya Qırmızı xaç və Qırmızı aypara cəmiyyətlərinə müraciət ünvanlayıb, onları üzərlərinə düşən vəzifəni yerinə yetirməyə səsləyib.
“Bu qanlı suçu əfv etməyə kimsənin haqqı yoxdur”
1949-cu ildə Ankarada təsis edilmiş Azərbaycan Kültür Dərnəyi Türkiyədə bu qətliamın bilinməsi üçün önəmli addımlar atıb. Qurumun rəsmi orqanı olan “Azərbaycan” jurnalının 1990-cı ildə çıxan 271-ci sayı bu hadisəyə həsr olunub. Jurnalın baş məqaləsində Qorbaçovun türk və müsəlman xalqlarına olan münasibəti dəqiq şəkildə ifadə edilib: “Qorbaçov Qərb dünyasının iqtisadi dəstəyini təmin etmədən iflasdan qurtula bilməyəcəyini, ortalığa atdığı islahat hərəkatının ancaq bu yardımlarla uğur qazanacağını dəqiq bilirdi. Bu çıxılmaz vəziyyətdə belə onun rus şovinizmi kapitalist gülüşlərini, simpatik görünüşünü və davranışlarını pərdələyə bilmirdi. Türkə və İslama qarşı hiss etdiyi qəddar kinini gizlətməsi mümkün deyildi. Bu baxımdan sovetlərdə yaşayan xristian millətlərinə gülərüz baxdığı halda, bu halını statistika hiylələrinə rəğmən bu gün sayları 70-80 milyona çatan müsəlman türklərdən əsirgəməkdə, onlara çəpəki və çox sərt baxmaqdadır. Yəni Ukrayna, Belorus, Baltik ölkələrinə, Ermənistana prerestroyka, qlasnost və demokratiya, Azərbaycan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan kimi türk və müsəlman ölkələrə tanklarla, toplarla, güllələrlə, pulemyotlarla mərmi yağmuru. Bir tərəfə gül, çiçək qoxuları, simpatik hərəkətlər, digər tərəfə qan, barıt qoxusu, ölüm saçan silahlar…”
Jurnal hadisənin məsulları kimi Stalin kimi sadistlərin məktəbində yetişən əliqanlı çekistlərin yetirmələri olduğunu qeyd edib. Müəllifin fikrincə, Qorbaçov müasir qiyafətə bürünmüş Stalinin tipik surətidir və bu hadisə Azərbaycanı müstəqilliyə doğru aparacaqdır: “Azərbaycandakı bugünkü vəziyyət, şəhidlərimizin mübarək qanları ilə sulanmış vətənimiz Azərbaycanın əbədiyyən qurtuluşunu müjdələməkdədir… İslam dünyası azad Azərbaycandakı qətliamın səbəbkarlarını lənətləməli, onların beynəlxalq məhkəmədə mühakimələrini vaxt keçmədən istəməlidir… Bu qanlı suçu əfv etməyə kimsənin haqqı yoxdur”.
“Qorbaçova haqq verməkdədirlər”
Azərbaycan Kültür Dərnəyinin təmsilçisi Cəmil Ünal dərgidə qələmə aldığı “Yenidən doğuş” adlı məqaləsində təzyiq altında yaşayan millətlərin yenidən azadlığa qovuşmaq istədiklərini, məhkum türk ellərində isə Azərbaycanın bu prosesdə mərkəzi yerdə dayandığını ifadə edib. O, SSRİ-nin təsiri altında olan Avropa ölkələrinə böyük dəstəyin verildiyi halda Azərbaycanın bu köməkdən məhrum qaldığını ürək ağrısı ilə yazmaqdadır:
“Kommunist rejimlərin ard-arda yıxılmasını, sərhədlərin yenidən cızılmasını, bütün insanların azad və insani şəkildə yaşamasını ürəkdən alqışlayan və dəstəkləyən dünya Azərbaycanda meydana gələn qanlı hadisələr qarşısında susmağı seçmələri bir yana qalsın, hətta Qorbaçova haqq verməkdədirlər”.
Onun fikrincə, Azərbaycandakı hadisələr iki super dövlətin – SSRİ və ABŞ-nin ortaq oyunudur və məqsəd Azərbaycandakı müstəqillik hərəkatını boğmaqdır. Ünal məqaləsində ABŞ və Avropa İttifaqı təmsilçilərinin bu qətliamı dəstəkləyən fikirlərindən sitatlar gətirərək Azərbaycandakı hadisələrin necə ört-basdır edilməsi istiqamətindəki cəhdlərini ifşa edib.
Ünalın fikrincə, ermənilər xam xəyallardan uzaqlaşıb Azərbaycana olan torpaq tələbindən vaz keçməli, cızılan sərhədlərlə razı olmalıdır.
TBMM-də qətliamla bağlı iclas
“Azərbaycan” jurnalı Qarsı təmsil edən millət vəkili Sabri Arasın qırmızı ordunun Bakıda törətdiyi qətliamla bağlı çıxışını da dərc edib. Aras 1988-ci ildən etibarən baş verən hadisələri xülasə edərək 300 min azərbaycanlının Ermənistandan qovulduğunu bildirib. O, Qorbaçovun Litvada litvalılarla ruslar arasında hakimlik etdiyi halda azərbaycanlılarla ermənilər arasında hakim deyil, tərəf tutduğunu qeyd edib: “Xalqı xristian olan Litvada Azərbaycandakı vəhşətin bir faizi yaşansaydı, qərbli dostlarımız susardılarmı? Bütün vəhşətə rəğmən qərblilər erməni zurnasını əllərindən, ağızlarından yerə qoymurlar… Azərbaycanlıların tək qəbahəti vardır: Türk və müsəlman olmaq, yeraltı və yerüstü zəngin qaynaqlara sahib olmaq”.
Millət vəkili çıxışında nəinki Qarabağın, İrəvanın da tarixi türk torpaqları olduğunu ifadə edib: “Məqsədləri təkcə Azərbaycana aid olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana ilhaqı deyil. Onlar da Qarabağın türk yurdu olduğunu bilirlər. Hətta Ermənistanın paytaxtı İrəvanın əski bir türk xanlığı – Rəvan türk xanlığı olduğunu da çox yaxşı bilirlər. Onlar 1828-ci ilə qədər Qarabağda tək bir erməninin yaşamadığını, İrəvanda isə əhalinin yarısından çoxunun türklərin təşkil etdiyini bilirlər.”
S. Aras çıxışının sonunda Qorbaçova səslənib, azərbaycanlıların qətliamını dayandırmağı, onlardan üzr istəməsini tələb edib.
“Azərbaycan” jurnalı qətliamla bağlı hazırladığı sayında türk siyasi liderlərin, ictimai təşkilatların, mətbuatın mövqeyini əks etdirən yazı və bəyanatlara da yer verib. Eləcə də Qərb mətbuatında qətliamdan öncə çıxan materialların xülasəsi Azərbaycan xalqının necə təkləndiyini göstərməkdədir.