Fransanın "Lans" komandasının və Özbəkistan milisinin futbolçusu Abdukodir Husanov İngiltərənin "Mançester Siti" klubuna keçib.
Teleqraf.com-un "şəhərlilər"in rəsmi saytına istinadən məlumatına görə, 21 yaşlı mərkəz müdafiəçisi ilə 2029-cu ilin yayınadək müqavilə bağlanılıb. Husanov yeni komanasında 45 nömrəli formanı seçib. Bu nömrəni son olaraq, Mario Balotelli və Mayk Riçards geyinib.
Transfer məbləği bonuslar nəzərə alınmadan 40 milyon avro təşkil edib. Bu mövsüm Husanov "Lans"ın heyətində 16 oyuna çıxıb və 1 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Özbəkistanın "Bunyodkor" klubunun yetirməsi olan Abdukodir Husanov 2022-ci ilin martında Belarusun "Energetik-BQU", 2023-cü ilin iyununda isə Fransanın "Lans" klubuna keçib. O, ölkə yığmasının sabiq futbolçusu Hikmət Husanovun oğludur.