20 Yanvar faciəsinin qurbanları arasında Gürcüstanəsilli altı şəhiddən biri İsmayıl Mursaqulovdur.
Sumqayıt Polimer Materialları İnstitutunun alimi, professor İ.Mursaqulov yanvarın 24-də həmkarları İbrahim İbrahimov və Svetlana Məmmədova ilə birgə Qanlı Yanvarın qurbanları olublar. Onların Sumqayıta işə yollandığı avtomobil sovet tankının tırtılları altında qalıb.
Şəhidin doğulduğu Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində xatirəsi əbədiləşdirilib. Kənddə magistral yolun yaxınlığında yerləşən küçələrdən birinə və 2 saylı natamam orta məktəbə vaxtilə onun adı verilib.
İ.Mursaqulovun adı təhsil ocağından götürülsə də, küçə bu gün də onun adını daşıyır. Şəhidimiz həmin məktəbdə təhsil almasa da, küçə ilə birgə Qızılhacılıda Mursaqulovlar nəslinin yurd yerində yerləşir.
Teleqraf.com-un Gürcüstan bürosunun əməkdaşı Qızılhacılı kəndinə baş çəkib, İsmayıl Mursaqulov küçəsinin vəziyyəti ilə tanış olub, tarixçəsi barədə ətraflı məlumat əldə edib.
İki lövhə, ikisi də köhnə
Küçəyə 20 Yanvar şəhidinin adının 1993-cü ildə verildiyi bildirilir. Ad bildirən yalnız iki lövhəyə rast gəlinir - biri küçənin başlanğıcında, digəri isə sonunda yerləşir. Lövhələrdən biri yol nişanı dirəyinə, digəri qaz borusuna vurulub. Küçə boyu isə lövhələrə rast gəlinmir, nömrələmə belə aparılmayıb. Sakinlər uzun illərdir lövhələrin yenilənməsi, onların küçə boyu da vurulması və nömrələmənin tətbiqini gözləyirlər. Bildiriblər ki, təcili tibbi yardım maşını çağıranda nömrələrin olmaması səbəbindən ünvanın tapılması müşkül məsələyə çevrilir.
Lövhələr köhnəlib, vəziyyətləri ürəkaçan deyil. 20 Yanvar şəhidinin, Qızılhacılı kəndinin fəxr etdiyi professorun adını daşıyan küçənin lövhələri mütləq yenilənməlidir. Bu, Mursaqulovların da, sakinlərin də istəyidir.
Burada onu qeyd etmək lazımdır ki, 2021-ci il yanvarın 20-də Gürcüstanda faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbirləri çərçivəsində İ.Mursaqulovun Marneulidə yaşayan yaxınlarının iştirakı ilə küçəyə baxış keçirilib. Baxış zamanı lövhələrin yenilənməsi məsələsi diqqətə alınıb, küçədə şəhidin memorial lövhəsinin quraşdırılması təklifi də qəbul edilib.
Həmin gündən ötən dörd il ərzində təəssüflər olsun ki, ad bildirən və xatirə lövhələrinin quraşdırılması istiqamətində hər hansı addım atılmayıb. Dörd ildə üzərində gürcücə və Azərbaycanca “İsmayıl Mursakulov küç.” yazısının olduğu lövhə aşınıb, üzərində çatlar əmələ gəlib. Tezliklə yenilənməyəcəyi təqdirdə, üzərindəki yazılar oxunmaz hala düşəcək.
“İsmayıl Mursaqulovun kim olduğunu bilməyən sakinlər var”
Vaxtilə İ.Mursaqulovun adını daşımış məktəb bu gün də fəaliyyət göstərir. Şəhidin adını daşıyan küçənin yaxınlığında yerləşən azərbaycandilli təhsil ocağının binasından məlum olur ki, burada əsaslı təmir-bərpa işləri uzun illərdir həyata keçirilmir. Məktəbdən şəhidin adının götürülməsinin Gürcüstanın Təhsil və Elm Nazirliyinin qərarı ilə əlaqələndirilir.
Həmin qərar Qızılhacılı kəndində vaxtilə Nəriman Nərimanovun adını daşıyan orta məktəbə də şamil edilib.
Həm küçənin, həm də məktəbin bugünkü vəziyyəti Qızılhacılı kəndində yaşayan soydaşlarımızı ciddi narahat edən sosial problemlərə yerli dövlət qurumlarının diqqətsizliyinin bariz göstəricisi hesab edilə bilər.
İ.Mursaqulovun yaxını Fərid Mursaqulov deyib ki, lövhələrin yenilənməsi şəhidin xatirəsinə onun doğma kəndində ən böyük ehtiram göstəricisi olardı.
“Küçəyə xatirə lövhəsinin də vurulmasını istəyirik. Sakinlərin bəziləri, xüsusən də yeniyetmələr və gənclər İsmayıl Mursaqulovun kim olması və 20 Yanvar faciəsi haqqında məlumatsızdırlar. Memorial lövhədə İsmayıl Mursaqulovla yanaşı, Gürcüstan əsilli digər beş şəhid və faciə barədə də qısa məlumat yerləşdirilə bilər”, - o söyləyib.
“20 Yanvar” - Böyük problemləri olan kiçik küçə
Marneulidə 20 Yanvar küçəsi də var. Rayon mərkəzinin yaxınlığında yerləşən kiçik küçə ən ucqar kənd yolunu xatırladır.
Küçədə 20 ildən çoxdur yaşayan sakinlər asfalt görmədiklərini deyiblər. Yağış-qar yağanda küçə keçilməz olur. Küçədə yaşayanları susuzluq və kanalizasiya problemi də ciddi narahat edib. Su xətti çəkilsə də, sakinlər hələ də fasiləsiz su ilə təmin olunmadıqlarını bildiriblər. Kanalizasiya borularının çəkilməsi zamanı qazıntı işlərindən sonra küçədə təmir aparılmayıb.
Sakinlər küçənin abadlaşdırılmasını hələ çox gözləməli olacaqlar. Sakinlərin sözlərinə görə, su və kanalizasiya xətlərinin çəkilməsində keyfiyyətli borulardan istifadə olunmayıb deyə sızmalar baş verir. Aidiyyəti qurumlardan bildirilib ki, yalnız xətlərin yenilənməsindən sonra küçəyə asfalt örtüyü çəkilə bilər.
Küçənin ağ günə nə zaman çıxarılacağı hələ məlum deyil.
“Siz bura yağışda, qarda gəlsəniz, əsl vəziyyəti görərsiniz”
Bəzi sakinlər evlərinin qarşısına öz hesablarına çınqıl daşı səpiblər. “Siz bura yağışda, qarda gələsiz. Dizəcən palçıq içində oluruq”, - deyə sakinlərdən biri şikayətlənir.
Küçədə ad bildirən lövhələrə rast gəlinmir. Sakinlər bildiriblər ki, küçəyə 20 Yanvar adı 1990-cı illərin əvvəllərində verilib və elə həmin vaxtdan ünvan lövhələri vurulmayıb. Küçədəki evlərin nömrələri də yoxdur. “Bu küçədə nə qaydasındadır ki, nömrələr də vurulsun?”, – sakinlərdən biri belə deyir.
Küçənin illərdir həllini tapmayan problemlərlə bağlı aidiyyəti qurumlar xəbərdardırlar. Sakinlər deyirlər ki, seçkilərdən seçkilərə küçənin abadlaşdırılacağı ilə bağlı yalnız boş vədlər eşidiblər.
Göründüyü kimi, Marneulidə İsmayıl Mursaqulov və 20 Yanvar küçələri daşıdıqları adlara layiq olmayan vəziyyətdədir. Soydaşlarımız bunu Qara Yanvar faciəsi qurbanlarının xatirəsinə sayğısızlıq kimi dəyərləndirirlər.
Ümid edirik ki, bu məsələnin Azərbaycan mətbuatında işıqlandırılmasından sonra küçələrin adlarına layiq görkəmə gətirilməsi prosesinə nəhayət, başlanılacaq.