Türkiyənin Bolu vilayətində məşhur Kartalkaya dağ-xizək kurortunda yerləşən “Grand Kartal” otelində baş verən yanğında həlak olanların ailələrini təhqir edənlər yaxalanıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğında həyatını itirən vətəndaşların yaxınlarına zəng edərək çirkin və əxlaqsız ifadələr işlədən 3 nəfər tutularaq saxlanılıb.
Bununla bağlı Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya bəyanat yayıb.
O bildirib ki, heç kim millətimizin ağrısını ələ sala bilməz.
"Buna cəhd edənlər təkcə xalqımızın vicdanında deyil, qanun qarşısında da mühakimə olunacaq".
Araşdırmalar nəticəsində Aksarayda yaşayan 21 yaşlı B.M.D.-nin bu qeyri-insani və vicdansız şəxslərdən biri olduğu müəyyənləşdi; Nevşehirdə yaşayan 20 yaşlı F. A. və Bitlisdə yaşayan 19 yaşlı D.D. təhlükəsizlik qüvvələrimiz tərəfindən saxlanılıb".
O bildirib ki, digər şəxsiyyətləri müəyyən edilən şəxslərin tutulması istiqamətində işlər davam etdirilir.
***
13:34
Boluda 78 nəfərin həyatını itirdiyi otel yanğını ilə əlaqədar nəzarətə alınan 5 şübhəli ədliyyəyə gətirilib.
Teleqraf.com "TRT Haber"ə istinadən xəbər verir ki, Bələdiyyə sədrinin müavini Sedat Gülənər və Xilasetmə Müdirinin müavini Kənan Coşkun da daxil olmaqla 5 şübhəli İl Jandarma Komandanlığında əməliyyatların ardından Bolu Ədliyyəsinə sövq edilib.
İstintaq çərçivəsində daha əvvəl saxlanılan otel sahibi Halit Ergül, şirkətin baş direktoru Emir Aras və otel müdiri Zeki Yılmaz da daxil olmaqla 15 nəfər həbs edilib, 6 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
***
12:37
Türkiyədə dağ-xizək kurortunda baş verən yanğınla bağlı 15 nəfər həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Saxlanılanlar arasında Bolu Bələdiyyə sədrinin müavini Sedat Gülənər və Xilasetmə İdarəsinin müdir müavini Kənan Coşqunun da olduğu bildirilir. Həmçinin otelin sahibi də həbs edilib.
Yanvarın 21-də Türkiyənin Bolu vilayətində məşhur Kartalkaya dağ-xizək kurortunda yerləşən “Grand Kartal” otelində dəhşətli yanğın baş verib. Yanğın zamanı 12 mərtəbəli binada 237 qonaq olub. Qonaqların çoxu kəndir kimi bir-birinə bağlanmış çarşaflardan istifadə edərək yanan oteldən qaçmağa çalışıb.