Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Donald Trampın səlahiyyət müddəti başa çatandan və Ukrayna alyansa üzv qəbul ediləndən sonra güclənəcək.
Teleqraf.com xəbər verir ki, bu fikri Finlandiya Prezidenti Aleksandr Stubb Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində bildirib.
“Ümid edirəm ki, biz bundan sonra daha da güclü NATO-nu görəcəyik. Birləşmiş Ştatlar başqa heç bir alyansda öz təhlükəsizliyini təmin edə və Avropada maraqlarını bu qədər etibarlı və ucuz şəkildə təmin edə bilməz. Ona görə də mən nikbinəm və inanıram ki, dörd ildən sonra ittifaqımız daha da güclənəcək və ola bilsin ki, o zaman Ukrayna da üzv olacaq”, - Stubb bildirib.
Prezident hesab edir ki, Trampın dövründə NATO üzvlərinə hərbi xərcləri artırmaq üçün təzyiq daim artacaq. Stubbın fikrincə, önəmli olan faiz deyil. O xatırladıb ki, Finlandiya ÜDM-in 2,5%-ni müdafiəyə xərcləyir. “Biz Hərbi Hava Qüvvələrini və Hərbi Dəniz Qüvvələrimizi modernləşdirmişik və indi quru qoşunları üzərində işləyirik”, - deyə prezident bildirib.