Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Ağsu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Ağsu rayonunda əhalinin içməli su təlabatını ödəmək, o cümlədən rayon ərazisində əkin sahələrinin suvarılmasını təmin etmək üçün işlərini günün tələblərinə uyğun olaraq davam etdirir.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bildirilib ki, Ağsu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 5867 abonent olmaqla 21248 nəfər əhaliyə xidmət göstərir. İdarə ictimai bulaqlar vasitəsilə 42, modul tipli su təmizləyici qurğularla 14 kəndi içməli su ilə təmin edir. İstismar tədbirləri planına uyğun olaraq su və kanalizasiya şəbəkə xətlərində baş verən qəzalar dərhal aradan qaldırılır.
İdarənin əsas vəzifələrindən biri də balansında olan əkin sahələrinin su təminatını həyata keçirməkdir ki, ötən il olduğu kimi bu il də meliorativ tədbirlər davam edir. İdarə 37071 hektar əkin sahəsini suvarma suyu ilə təmin edir ki, bunun 23195 hektarı Şirvan Suvarma Kanalı, 7904 hektarı Girdimançay, 5972 hektarı Ağsu çay su mənbəyi vasitəsilə həyata keçirilir. Bundan başqa ehtiyat su mənbəyi kimi Cavanşir su anbarına toplamış 4 milyon kubmetrə yaxın sudan 5 min hektardan çox əkin sahəsinin suvarılması təmin edilir. İdarənin balansında 34 ədəd subartezian quyusu fəaliyyət göstərir ki, bu da 625 hektar əkin sahəsinin suvarılmasına ikan verir.
Ağsu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ötən il su itkisini minimuma endirmək üçün torpaq məcralı kanallarda lildən təmizləmə və kanalların beton üzlüyə alınması işlərini həyata keçirib. Suvarma kanallarının 1500 metrdən artıq hissəsi beton üzlüyə alınıb.
Qeyd edək ki, Ağsu rayonunda 2025-ci ilin əsaslı və cari təmir işləri planlarında suvarma kanallarının beton üzlüyə alınması və üzərindəki hidrotexniki qurğuların bərpası və yenidən quraşdırılması işlərinin davam etdirilməsi nəzərdə tutulub.