Yanvarın 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2024-cü ildə prokurorluq orqanları tərəfindən bütün fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdən öncə Baş Prokurorluğun kollegiya üzvləri tərəfindən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, unudulmaz xatirəsi ehtiramla yad edilib.
Həmçinin, iştirakçılar tərəfindən kollegiya iclasının başlanğıcında Ümummilli Lider Heydər Əliyevin, vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizin, vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev 2024-cü ilin Azərbaycan Respublikası üçün tarixi və siyasi baxımdan əhəmiyyət kəsb edən hadisələrlə zəngin bir il olduğunu bildirib.
Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, diplomatik səriştəsi və qətiyyəti sayəsində tarixin ağır sınaqlarından qalib çıxmış və dünya dövlətləri arasında öz layiqli yerini tutmuş ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında 2024-cü ildə bir sıra ilklərə imza atıb. Belə ki, müstəqillik tariximizdə ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ötən ilin fevral ayının 7-də növbədənkənar Prezident, sentyabrın 1-də isə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərinin demokratik, insan və vətəndaş hüquq və azadlıqlarının ən üst səviyyədə təminatı şəraitində keçirilməsi hər bir azərbaycanlı üçün qürurverici bir hadisə kimi yadda qalıb.
Keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Prezident İlham Əliyevin mütləq səs çoxluğu ilə (92,12%) yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi isə xalqımızın öz rəhbərinə olan inam və etimadının, eyni zamanda xalq və hakimiyyət arasında olan vəhdətin bariz göstəricisi olub.
Vurğulanıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu diplomatiya nəticəsində Ermənistan tərəfindən 30 ildən artıq işğal altında olan Qazax rayonunun 4 kəndi Azərbaycan Respublikasına qeyd şərtsiz qaytarılıb.
Bundan əlavə, dövlət başçısnın rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri 2024-cü ildə də intensiv şəkildə davam etdirilmiş, bir sıra rayonlarda ölkə rəhbəri tərəfindən yeni kəndlərin və qəsəbələrin təməli qoyulmuş, çoxsaylı yaşayış binaları, ictimai, iaşə, kommunikasiya obyektlərinin, o cümlədən Qarabağ Universitetinin açılışları olub, vaxtilə öz doğma el-obalarından didərgin düşmüş soydaşlarımızın həmin ərazilərə köçürülməsi işləri davam etdirilib.
2024-cü ili yaddaqalan edən əsas hadisələrdən digəri isə 2024-cü ilin noyabr ayında 197 ölkədən qatılmış 76 min nəfərin iştirakı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın iqlim dəyişiklikləri və ətraf mühitin qorunması sahəsində bəşəri əhəmiyyət kəsb edən qlobal müzakirələrə ev sahibliyi etməsi və həmin tədbirdə bütün dünya üçün mühüm əhəmiyyət kəsb edən tarixi qərarların qəbul edilməsi olub.
Təəssüf hissi ilə qeyd edilib ki, Ermənistan tərəfinin apardığı mina terroru nəticəsində 2024-cü ildə də mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 5 nəfər həlak olmuş, 36 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 382 şəxs bu terrorun qurbanı olmuş, onlardan 70 nəfəri həlak olmuş, 312 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti almışdır.
Vurğulanıb ki, Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycan dövlətinə və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə görə təqsirləndirilən 16 şəxsin barəsindəki cinayət işlərinin ibtidai istintaqı yekunlaşdırılaraq aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmiş və artıq həmin cinayət işi üzrə məhkəmə hazırlıq iclasları keçirilməkdədir.
Bundan əlavə Kamran Əliyev tərəfindən təəssüf hissi ilə qeyd edilib ki, ötən ilin sonunda ölkəmiz və xalqımız üçün böyük faciə hesab olunan “Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Rusiya hava məkanında kənar fiziki və texniki müdaxilə nəticəsində Aktau şəhəri yaxınlığında qəzaya uğraması faktı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hadisənin səbəblərinin araşdırılması üçün Baş nazirin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılmış və dövlət başçısının tapşırığına əsasən cinayət işi başlanılıb.
Məlumat üçün bildirilib ki, Qazaxıstan Respublikası və Rusiya Federasiyasının prokurorluq və digər aidiyyəti qurumları ilə hadisənin baş verməsinin əsl səbəblərinin müəyyən edilməsi istiqamətində hazırda qarşılıqlı əməkdaşlıq şəraitində istintaq hərəkətləri davam etdirilir və qısa müddət ərzində konkret nəticələrin əldə edilməsi təmin olunacaq.
Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə Respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü qeyd edib.
Bildirilib ki, 2024-cü ildə ölkə ərazisində 33379 cinayət qeydə alınmaqla onların 87,6 faizinin açılması təmin edilmiş, ümumilikdə ölkə üzrə cəmi 17155 cinayət işinin istintaqı tamamlanmışdır ki, bunlardan 1086-sı prokurorluq orqanlarında istintaq edilib.
Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 735, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 13551 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilmişdir ki, ibtidai istintaqı tamamlanmış cinayət işləri və bəraətverici əsaslar olmadan rədd edilmiş materiallar üzrə ümumilikdə 913 milyon 744 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək onun 31 faizinin, yəni 283 milyon 411 min manat hissəsinin ödənilməsinə nail olunub.
Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 170 milyon 958 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 44 faizinin, yəni 75 milyon 300 min manat hissəsinin ödənilməsinə nail olunmuş, habelə 33 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub.
Qeyd edilib ki, prokurorluqda aparılan müasir məzmunlu islahat tədbirlərinin davamı kimi qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi-texniki nailiyyətlərdən istifadə etməklə fəaliyyətdə səmərəliliyinin artırılması işində müstəsna önəmə malik cənab Prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli Fərmanında öz əksini tapmış “Elektron prokurorluq” informasiya sistemi artıq prokurorluq orqanlarının bütün fəaliyyət sferalarında tətbiq edilir, bununla yanaşı 2024-cü ildə həmin sistem üzərindən həyata keçirilən xidməti fəaliyyətin təkmilləşdirilməsi istiqamətində zəruri işlərin icrası davam etdirilməklə ümumilikdə 19 yeni modulun istifadəyə verilməsi və “EPİS”in digər informasiya sistemlərinə inteqrasiyası istiqamətində intensiv işlərin icrası təmin edilib.
Daha sonra vurğulanıb ki, hesabat dövründə dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya, rüşvətxorluğa qarşı barışmaz mübarizənin ötən dövrlərdə olduğu kimi davam etdirilərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ölkə vətəndaşlarını ciddi narahat edən korrupsiya cinayətlərinin və hüquqpozmalarının daha geniş yayıldığı idarəçilik və xidmət sahələri aşkar edilməklə təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin olunub.
Hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 61 şəxs barəsində 27 cinayət işinin ibtidai istintaqı aparılmaqla baxılması üçün məhkəmələrə göndərilmiş, bunlardan 5 şəxs barəsində 2 iş qəsdən adam öldürmə faktları ilə bağlı olub.
Kollegiya iclasında daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 6 qəsdən adam öldürmə cinayətlərinin açılması təmin edilməklə hesabat dövründə onlardan 2-si üzrə təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verildiyi xüsusi vurğulanıb.
Baş prokuror ötən illərdən bağlı qalmış və hesabat ilində qeydə alınmış qeyri-aşkar cinayətlərin açılmasında, ictimai sabitliyin və təhlükəsizliyin, dünya miqyaslı tədbirlərin ölkəmizdə təhlükəsiz şəraitdə keçirilməsinin təmin edilməsi ilə bağlı daxili işlər, dövlət təhlükəsizliyi xidməti və digər qurumların fəaliyyətini xüsusi qeyd edərək, göstərilən səmərəli və peşəkar əməkdaşlığa görə həmin qurumların rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.
2024-cü ildə prokurorluq orqanları tərəfindən 1869 apellyasiya və 587 kassasiya protestləri verilmiş, 843 apellyasiya protesti və 127 kassasiya protestləri təmin olunmaqla nəticədə məhkəmə səhvlərinin aradan qaldırılması təmin olunub.
Bununla belə, Respublikanın tabe rayon və şəhər, o cümlədən Bakı şəhəri üzrə bəzi tabe rayon prokurorluqlarına fəaliyyətlərində yol verdikləri nöqsanlarla bağlı, xüsusən də CPM-nin 303 və 318-ci maddələri ilə məhkəmələr tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş prokurorlara işlərin qaytarılması və bəraət hökmlərinin çıxarılması hallarının hələ də mövcud olması ilə bağlı ciddi iradlar bildirilib.
2024-cü ildə istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləri üzrə icraata xitam verilməsinə dair 894 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub, habelə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən 255 halda ittiham aktları təsdiq edilməyərək cinayət işləri əlavə istintaq aparılması üçün qaytarılıb.
2024-cü il ərzində cinayət təqibindən kənar icraatlarla əlaqədar inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik qurumlarla işgüzar əlaqələrin qurulması təmin olunmaqla yanaşı, prokurorluq orqanları tərəfindən inzibati xəta haqqında işlər üzrə 3561 icraat başlanıb, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında digər qurumlar tərəfindən qəbul edilmiş 122 qərar ləğv edilib.
Qeyd edilib ki, Baş Prokurorluğun “961 Çağrı Mərkəzi”nə 2024-cü ildə daxil olmuş müraciətlərdən 29747 müraciət üzrə vətəndaşlara onları maraqlandıran müvafiq hüquqi izahlar verilib, 4426 məlumat isə cinayət xarakterli olduğu üçün qeydə alınaraq araşdırılması aidiyyəti struktur qurumlara tapşırılmış və həmin məlumatlar üzrə cinayət işləri başlanmış, habelə müvafiq prokuror təsir aktları qəbul edilməklə zəruri tədbirlər görülüb.
Kollegiya iclasında qeyd edilib ki, ötən ildə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 19 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 11-nə töhmət və ya şiddətli töhmət elan edilib, 7 nəfər vəzifədən azad edilib, 1 nəfər rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric edilib.
Hesabat dövründə prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlərlə 51 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.
Həmçinin qeyd olunub ki, 2024-cü ilin 28 sentyabr - 2 oktyabr tarixlərində Bakı şəhərində dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası, 29-cu İllik Konfransı və Ümumi Yığıncağı keçirilmişdir. Sentyabrın 29-da müxtəlif ölkələrin baş prokurorları və digər yüksək vəzifəli şəxsləri də daxil olmaqla, 88 ölkə, 95 yurisdiksiya, 10 beynəlxalq təşkilatdan ümumilikdə 500-dən artıq şəxsin iştirakı ilə Bakı Konqres Mərkəzində tədbirin açılış mərasimi olub.
Bundan əlavə aidiyyəti dövlət qurumlarının, eləcə də bir sıra dövlətlərin prokurorluq və digər hüquq mühafizə orqanlarının rəhbər şəxslərindən ibarət tərkibdə, ümumilikdə 200 şəxsin iştirakı ilə COP29 çərçivəsində noyabr ayının 15-də Azərbaycan Respublikasının Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin həmsədrliyi ilə COP29 Sədrliyinin təşəbbüslərindən (Presidency initiative) biri olan “İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda yüksək səviyyəli iclas keçirilib.
Vurğulanıb ki, 2024-cü ildə də vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkili daim diqqətdə saxlanılmış, müraciətlərə baxılması və vətəndaşların qəbulu sahəsində nöqsanların aradan qaldırılması, şəhid ailələri və qazilərin müraciətlərinə xüsusi həssaslıqla yanaşılması, informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən istifadə olunması, əməkdaşların peşə hazırlığının yüksəldilməsi istiqamətində zəruri tədbirlər görülüb.
Bu müddətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror tərəfindən Respublikanın 30 rayon və şəhərində, o cümlədən Naxçıvan şəhəri daxil olmaqla ümumilikdə 1504 vətəndaş qəbul edilməklə müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun həlli barədə Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe prokurorlara müvafiq göstərişlər verilmiş, həmçinin təsərrüfat, əmlak, mülki xarakterli mübahisələrə və sosial məsələlərə dair müraciətlərin müvafiq mərkəzi, yerli icra hakimiyyəti və məhkəmə orqanlarında zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə göndərilməsi təmin edilib.
Hesabat dövründə həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Dövlət Universiteti ilə birlikdə Xankəndi, Şəki və Naxçıvan şəhərlərində “Ətraf mühitin gücləndirilməsi: maarifləndirmə və hüquq mühafizə tədbirləri” ECOLEAD platforması çərçivəsində geniş iştirakçı auditoriyasında elmi-praktiki konfransların keçirilməsi kollegiya iştirakçılarının diqqətinə çatdırılıb. Əlavə olaraq qeyd edilib ki, 2024-cü ildə Qarabağ Universiteti ilə Baş Prokurorluq arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Hesabat ilində Azərbaycan Respublikası Prokurorluğunun başlıca fəaliyyət istiqamətlərindən olan ölkəmizin hüquq ictimaiyyəti, aparıcı elm və təhsil müəssisələri, hüquq mühafizə orqanları akademiyaları ilə əməkdaşlıq əlaqələrinin daha da inkişafına töhfə verən Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclasları keçirilməklə geniş müzakirələr və faydalı fikir mübadiləsinin aparıldığı bildirilib.
Kollegiya iclasında hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar Baş Prokurorluğun müvafiq struktur qurumlarının rəhbərlərinin iştirakı ilə ətraflı təhlil olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsinin keyfiyyətinin artırılması, cinayət prosesi iştirakçılarının hüquqlarının təmin olunması, habelə hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilinin daim diqqət mərkəzində saxlanılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb olunub.
Xüsusilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, o cümlədən sağlamlığını itirmiş vətəndaşlarımızın müraciətlərinə təxirəsalınmadan baxılmaqla, onların dərhal qəbul edilmələrinin təmin edilməsi, bu kateqoriyadan olan şəxslərə diqqət göstərilməsinin vacibliyi vurğulanıb.
Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə 2024-cü ilin nəticələrinə görə artımı müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.
Daha sonra Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədov, müavinləri Elmar Camalov və Heydər Məmmədov hesabat dövründə fəaliyyət, bu zaman yol verilmiş nöqsanlar və onların aradan qaldırılması istiqamətində görülməli tədbirlər barədə, Samux, Ağcabədi və Şuşa rayon prokurorları hesabat dövründə görülmüş işlərlə bağlı, Kadrlar idarəsinin rəisi Natiq Hüseynov isə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq icrası həvalə olunmuş vəzifələrə təyinatlara razılıq verilməsi ilə bağlı məruzələrlə çıxış edib, məruzələr ətrafında fikir mübadiləsi aparılmaqla qarşıda duran vəzifələrə dair tapşırıqlar verilib.
Baş prokuror tərəfindən cari ildə Azərbaycan Respublikası Prokurorluğu orqanlarının qarşısında duran vəzifələr barəsində danışılarkən bir sıra mühüm məsələlər, o cümlədən əvvəlki illərdən bağlı qalmış cinayət işlərinin açılması məqsədilə zəruri istintaq və əməliyyat tədbirlərinin icrası, ibtidai istintaq üzərində prosessual rəhbərliyin və prokuror nəzarətinin keyfiyyətinin artırılması, itkin düşmüş və axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməklə tapılmasına yönəlik əməliyyat-axtarış fəaliyyətinə nəzarətin gücləndirilməsi, habelə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi, cari ilin 19-23 may tarixlərində Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin Korrupsiyaya qarşı mübarizə üzrə Qlobal Əməliyyat Şəbəkəsinin (GLobE) İdarə Komitəsinin 10-cu və Plenar görüşünün 6-cı iclaslarına hazırlıq işlərinin görülməsi və həmin beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsinin təşkili barədə müvafiq tapşırıqlar verilib.
Kollegiya iclasına yekun vuran Kamran Əliyev Azərbaycan Respublikasının Prokurorluğu orqanlarının Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş və uğurla həyata keçirilən dövlətçilik siyasətinin, dövlətimizin və xalqımızın mənafeyi naminə bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün zəruri tədbirlərin icrasında öz bilik və peşə bacarıqlarını bütünlüklə səfərbər edəcəklərinə əminliyini ifadə edib.
***
09:22
Yanvarın 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə ötən il prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdən öncə Baş Prokurorluğun Kollegiya üzvləri ölkəmizdə məhkəmə-hüquq islahatlarının banisi, Ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər.
İclasda Baş prokuror Kamran Əliyev çıxış edib. O, prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verib.